Bakıda son günlər keçirilən iki beynəlxalq tədbir – Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının VII görüşü və Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş I Beynəlxalq Elmi-Praktiki Konfrans – ilk baxışda dini və elmi toplantılar təsiri bağışlaya bilər.
Lakin tədbirlərin məzmununa və Prezident İlham Əliyevin çıxışına birlikdə baxanda daha geniş mənzərə ortaya çıxır.
Burada söhbət təkcə dini liderlərin görüşündən getmir. Azərbaycan özünü Türk dünyası ilə İslam dünyası arasında mənəvi əlaqələrin qurulduğu, dini-mədəni irsin təqdim edildiyi və müasir dövrün dini çağırışlarının müzakirə olunduğu platforma kimi göstərir.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, TDT-nin müsəlman dini rəhbərlərinin VII toplantısı özü böyük beynəlxalq tədbirdir. Onunla eyni vaxtda Yəhya Bakuvi konfransının keçirilməsi isə rəsmi Bakının nəzərində təsadüfi deyil. Prezident bu iki tədbirin eyni vaxtda keçirilməsinin “böyük mənası” olduğunu bildirib.

Dini liderlərin Bakıda bir araya gəlməsi nə deyir?
TDT-nin müsəlman dini idarə rəhbərlərinin görüşündə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kiprdən olan dini qurumların rəhbərləri ilə yanaşı, digər ölkə və təşkilatların nümayəndələri də iştirak edib.
QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə görüşdə Bakı toplantısını Azərbaycandan başlayan ənənənin davamı və TDT müstəvisində mənəvi həmrəyliyin dərinləşməsi baxımından qiymətləndirib. Onun çıxışında əsas xətt türk dövlətləri arasında yalnız siyasi və iqtisadi deyil, mənəvi və dini əlaqələrin də gücləndirilməsi idi. A. Paşazadə Heydər Əliyevin türk xalqlarını “bir ağacın budaqları” kimi xarakterizə etdiyini xatırladıb və İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir” fikrini önə çəkib.
Bu, əslində, son illərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində gedən institusional yaxınlaşmanın dini-mənəvi müstəviyə keçirilməsi deməkdir. Başqa sözlə, türk dövlətlərinin əməkdaşlığı yalnız sammitlərdə dövlət başçılarının görüşləri ilə məhdudlaşmır. Dini idarələrin rəhbərləri arasında müntəzəm məsləhətləşmələr də həmin əməkdaşlığın ayrıca istiqamətinə çevrilir.
Bu baxımdan Bakının toplantıya ev sahibliyi etməsi Azərbaycanın TDT daxilində dini-mənəvi gündəmin formalaşdırılmasında rolunu da göstərir.

Niyə məhz Yəhya Bakuvi?
Tədbirin ikinci mühüm xətti Şeyx Seyyid Yəhya Bakuvi Şirvaninin irsidir. “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: Mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda keçirilən konfransda 40-a yaxın ölkəni və 18 beynəlxalq təşkilat və mərkəzi təmsil edən 200-ə yaxın iştirakçı bir araya gəlib. Burada əsas mesaj sadəcə tarixi şəxsiyyətin xatırlanması deyil. Bakuvi irsi mötədil İslam, mənəvi kamillik, insan qardaşlığı, tolerantlıq və bəşəri həmrəylik anlayışları üzərindən təqdim olunur.
Bu məqam xüsusilə əhəmiyyətlidir. Çünki müasir dünyada İslamın radikalizm və terrorla eyniləşdirilməsi, islamofobiya, dini dözümsüzlük və məzhəb qarşıdurmaları ciddi problemlər olaraq qalır. Azərbaycan isə öz dini-mədəni tarixindən başqa bir model – mötədillik və tolerantlıq modelini önə çıxarır.
QMİ sədri bildirib ki, Bakuvi fəlsəfəsi Anadoludan Balkanlara, Orta Şərqdən Şimali Afrikaya, Qafqazdan Mərkəzi Asiyaya qədər geniş coğrafiyada təsir göstərib. Onun fikrincə, Bakuvi irsinin araşdırılması və təbliği ümumbəşəri və ümumislami əhəmiyyət daşıyır. Beləliklə, Azərbaycanın mesajı belə formalaşır: İslamın tarixində dünyaya təqdim edilə biləcək yalnız dini ayinlər deyil, həm də sülh, mərhəmət, tolerantlıq və insan həmrəyliyi üzərində qurulan böyük intellektual irs var.

Prezidentin çıxışında üç əsas xətt
Prezident İlham Əliyevin dini liderləri qəbul edərkən səsləndirdiyi fikirlərdə bir neçə istiqamət xüsusilə seçilir.
Birinci istiqamət Türk dünyası ilə Qafqazın kəsişməsində Azərbaycanın mövqeyidir. Prezident Azərbaycanın həm Türk dünyasının bir hissəsi, həm də Qafqaz ölkəsi olduğunu vurğulayıb. Onun fikrincə, dini liderlərin bir araya gəlməsi bu iki coğrafiyanı birləşdirən simvolik məna daşıyır.
Bu yanaşmada Azərbaycan özünü yalnız TDT üzvü kimi deyil, həm də Qafqazla Türk dünyası arasında əlaqələndirici məkan kimi təqdim edir.
İkinci istiqamət İslam həmrəyliyidir. Prezident İslam həmrəyliyinin yalnız şüarlarla deyil, “əməli-praktiki addımlarla” gücləndirilməsinin vacibliyini deyib. 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarını da bu baxımdan nümunə göstərib.
Daha mühüm məqam isə gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Azərbaycanda keçiriləcəyinin xatırladılmasıdır. İlham Əliyev Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda “birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə” kimi çıxış etdiyini bildirib. Bu, Bakıda keçirilən dini toplantıların daha geniş diplomatik çərçivəyə yerləşdirildiyini göstərir.
Üçüncü xətt – Qarabağın dini və tarixi yaddaşı!
Prezidentin çıxışında Qarabağ məsələsinə geniş yer ayrılması da təsadüfi deyil. Dini liderlərin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər etməsi onların Azərbaycan ərazilərindəki dini və mədəni irsin vəziyyəti ilə birbaşa tanış olması baxımından təqdim edilir.
İlham Əliyev dini liderlərin Qarabağda həm 30 illik işğalın nəticələrini, həm də bu gün aparılan quruculuq işlərini görəcəyini bildirib. O, dağıdılmış məscidləri də ayrıca vurğulayıb. Prezidentin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə 65 məscid Ermənistan tərəfindən tam dağıdılıb, digərləri isə yarıdağılmış vəziyyətdə olub.
Bu baxımdan Ağdam məscidinin konfrans proqramına daxil edilməsi də xüsusi simvolik məna daşıyır. QMİ sədri konfrans iştirakçılarına Ağdam məscidinin Birinci Qarabağ müharibəsi dövründə “şəhid məscidi” kimi yadda qaldığını deyib və işğal dövründə Qarabağda 67-dən çox məscid və məbədin dağıdıldığını bildirib.
Beləliklə, Yəhya Bakuvi ilə bağlı elmi konfransın Bakıdan Ağdama daşınması iki fərqli dövrü birləşdirir: Azərbaycanın tarixi İslam-mədəni irsi və Qarabağda dini irsin yenidən bərpası.

İlham Əliyevin Allahşükür Paşazadə haqqında sözləri niyə diqqət çəkir?
Bütün bu mənzərənin içində Prezident İlham Əliyevin Allahşükür Paşazadə haqqında dediyi sözlər ayrıca diqqət çəkir. Dövlət başçısı Şeyxülislama müraciətlə bildirib: “Şeyx həzrətləri həm Azərbaycanda, həm Qafqazda, Türk dünyasında, İslam dünyasında və dünyada böyük hörmətə malik olan şəxsiyyətdir.”
Prezident bununla kifayətlənməyib. Onun fəaliyyətinin Azərbaycan xalqı, qonşu dövlətlər və xalqlar tərəfindən yüksək qiymətləndirildiyini bildirib və A.Paşazadənin himayəsi, təşəbbüsü ilə keçirilən tədbirlərin Azərbaycan, Qafqaz, Türk dünyası və İslam aləmi üçün böyük məna daşıdığını vurğulayıb.
Bu, sadəcə protokol xarakterli təşəkkür cümləsi deyil.
Çünki Prezident Paşazadənin rolunu Azərbaycanın daxili dini həyatı ilə məhdudlaşdırmır. Onu eyni anda Azərbaycan, Qafqaz, Türk dünyası və İslam dünyası miqyasında qiymətləndirir. Bu yanaşma Şeyxülislamın fəaliyyətinin dövlət səviyyəsində necə görüldüyünü də göstərir. Allahşükür Paşazadənin fəaliyyəti ətrafında zaman-zaman müxtəlif tənqidi yanaşmalar, onun rolunu kiçildən və ya nüfuzunu mübahisələndirən fikirlər səsləndirilib.
Məhz bu fonda Prezidentin açıq və konkret qiymətləndirməsi diqqət çəkir. İlham Əliyev Paşazadəni yalnız “QMİ sədri” kimi təqdim etmədi. Onun fəaliyyətinin coğrafiyasını Azərbaycan- Qafqaz – Türk dünyası – İslam dünyası – dünya ardıcıllığı ilə genişləndirdi.
Bu baxımdan Prezidentin sözlərini Allahşükür Paşazadəyə qarşı ara-sıra aparılan gözdənsalma cəhdlərinə yaxşı cavab kimi qiymətləndirmək mümkündür. Ən azı, dövlət başçısının mövqeyi bu məsələdə çox aydındır: onun nəzərində Şeyxülislamın fəaliyyəti yalnız dini idarənin gündəlik işləri ilə ölçülmür, daha geniş regional və beynəlxalq məna daşıyır.
Əslində burada söhbət yalnız QMİ sədrindən getmir.
Prezidentin Şeyxülislam haqqında dediklərinin başqa bir mühüm tərəfi də budur ki, bu qiymətləndirmə şəxsdən daha geniş bir məsələyə – dini diplomatiyaya işarə edir.
Əgər Azərbaycan Türk dünyası ilə İslam dünyası arasında əlaqələrin gücləndirilməsini xarici və mədəni siyasətinin istiqamətlərindən biri kimi təqdim edirsə, burada dini liderlərin də müəyyən funksiyası yaranır.
Bakıda TDT dini liderlərinin toplantısı, Yəhya Bakuvi konfransı, dini rəhbərlərin Qarabağa səfəri və gələcəkdə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Azərbaycanda keçirilməsi eyni mənzərənin müxtəlif elementləridir. Bu mənzərədə QMİ sədrinin uzun illər ərzində qurduğu dini əlaqələr və beynəlxalq təmaslar da ayrıca əhəmiyyət qazanır.

Prezidentin başqa bir mesajı: dini liderlər siyasi yox, birləşdirici güc olmalıdır
İlham Əliyevin çıxışındakı daha bir mühüm məqam dini liderlərin sözünün ictimai-siyasi təsiri ilə bağlıdır. Prezident deyib ki, müsəlman dini liderlərinin hər bir sözü müsəlman icmaları üçün dəyərlidir və əgər bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa və barışığa istiqamətlənirsə, bunun yaşanan bölgələrdə də təsiri olacaq.
Bu, dini liderlərə verilən rolun mahiyyətini göstərir. Yəni dini liderlər yalnız dini ayinlərin təşkilatçıları kimi deyil, sülh, sosial həmrəylik və qarşılıqlı anlaşma mesajlarının daşıyıcıları kimi nəzərdən keçirilir.
Azərbaycanın Yəhya Bakuvi irsini məhz belə bir kontekstdə təqdim etməsi də təsadüfi görünmür.

Bakıdan verilən ümumi mesaj
Bakıda keçirilən tədbirləri bir yerdə qiymətləndirəndə ortaya kifayət qədər aydın bir mənzərə çıxır. Azərbaycan bir tərəfdən Türk Dövlətləri Təşkilatında siyasi və iqtisadi inteqrasiyanın yanında mənəvi-dini yaxınlaşmanı gücləndirməyə çalışır.
Digər tərəfdən, öz tarixindəki Bakuvi, Nizami, Nəsimi, Füzuli kimi şəxsiyyətləri yalnız milli irs nümunəsi kimi deyil, İslam dünyasının və ümumbəşəri mədəniyyətin bir hissəsi kimi təqdim edir.
Üçüncü istiqamət isə Qarabağdır. Dini liderlərin Ağdam, Xocalı və digər ərazilərə aparılması Azərbaycanın işğal, dini irsin dağıdılması və sonrakı bərpa ilə bağlı mövqeyinin beynəlxalq dini auditoriyaya çatdırılmasına imkan yaradır.
Və nəhayət, bütün bu prosesin içində Allahşükür Paşazadənin rolu Prezidentin dilində olduqca konkret ifadə edildi. Şeyxülislamın “Azərbaycanda, Qafqazda, Türk dünyasında, İslam dünyasında və dünyada böyük hörmətə malik şəxsiyyət” kimi xarakterizə edilməsi onun fəaliyyətinə verilən ən yüksək siyasi qiymətlərdən biridir.
Bu baxımdan Bakıda keçirilən görüşlərin əsas nəticələrindən biri də budur: Azərbaycan dini-mənəvi diplomatiyanı Türk dünyası ilə münasibətlərin, İslam həmrəyliyinin və ölkənin beynəlxalq humanitar mövqeyinin tamamlayıcı istiqamətlərindən biri kimi önə çıxarır.
Aydın Əliyev




