Azərbaycanda onlayn alış-veriş mədəniyyətinin inkişaf etdiyi bir dövrdə müştəri xidmətləri və məhsul keyfiyyətinə nəzarət məsələləri yenidən gündəmə gəlib.
AzPost xəbər verir ki, vətəndaş Aidə Mahmudovanın müraciəti əsasında məlum olub ki, “Umico” platforması üzərindən fəaliyyət göstərən “Birmarket”dən sifariş edilən qida məhsulunun istifadə müddəti ilə bağlı yaranmış anlaşılmazlıq istehlakçının haqlı narazılığına səbəb olub.
Vətəndaş bildirir ki, ona göndərilən məhsulun üzərindəki “EXP” (Expiry Date) qeydi məhsulun yararlılıq müddətinin bitdiyini göstərsə də, mağaza əməkdaşları israrla bunun istehsal tarixi olduğunu iddia ediblər. Beynəlxalq standartlara və qida təhlükəsizliyi qaydalarına əsasən, “EXP” ifadəsi birbaşa son istifadə müddətini ifadə edir. Şikayətçinin müraciətinin araşdırılmadan ləğv edilməsi və ona vaxtı keçmiş məhsulu istifadə etməyin “təhlükəsiz” olduğunun bildirilməsi peşəkar xidmət prinsipləri ilə ziddiyyət təşkil edir.
Aidə Mahmudova qeyd edir ki, məsələ sadəcə bir məhsulun geri qaytarılması deyil, daha ciddi bir məsuliyyət məsələsidir:
“Bilməyən bir insan bu məhsulu istifadə etsə və sağlamlığına zərər dəysə, buna kim məsuliyyət daşıyacaq? Onlayn platforma olaraq ‘Birmarket’ həm məhsulun keyfiyyətinə, həm də müştəri ilə düzgün kommunikasiyaya cavabdehdir.”
İstehlakçı ümid edir ki, “Birmarket” rəhbərliyi bu texniki xətanı qısa zamanda aradan qaldıracaq və oxşar halların təkrarlanmaması üçün nəzarət mexanizmini gücləndirəcək.
