Azərbaycanın ən böyük banklarından biri olan ABB (Azərbaycan Beynəlxalq Bankı) əməkdaşlarının peşəkar fəaliyyətindəki ciddi nöqsanlar müştərinin həm maddi zərərə uğramasına, həm də bankın nüfuzuna kölgə salan halların yaşanmasına səbəb olub.
AzPost xəbər verir ki, müştərinin verdiyi məlumata görə, hadisələr zənciri “AzalMiles” kartının əldə edilməsi zamanı bank əməkdaşlarının yol verdiyi texniki və kommunikasiya səhvlərindən başlayıb.
Müştəri bildirir ki, bank 150 AZN-lik kart müqabilində vəd etdiyi 6000 mili əvvəlcə təqdim etsə də, daxili anlaşılmazlıqlar ucbatından kart geri qaytarılıb. Əsas qalmaqal isə bankın Sevinc adlı əməkdaşının rəsmi kanalları kənara qoyaraq şəxsi mobil nömrəsindən müştəri ilə əlaqə saxlamasından sonra başlayıb.
Əməkdaşın verdiyi yanlış məlumat nəticəsində müştəri öz hesabındakı şəxsi milləri ilə bankın sildiyini iddia etdiyi milləri qarışıq salıb və istifadə edib. Müştəri tərəfindən məsələnin həlli üçün kartın rəsmi dəyəri olan 150 AZN-in ödənilməsi təklif olunsa da, bank gözlənilməz addım atıb.
Bu gün bank müştərinin hesabından heç bir rəsmi bildiriş göndərmədən və xəbərdarlıq etmədən 180 AZN məbləğində vəsait silib. Müştəri bu addımı bir neçə səbəbdən qanunsuz və əsassız hesab edir.
Belə ki, kartın rəsmi satış qiyməti 150 AZN olduğu halda, hesabdan 180 AZN silinib. Artıq tutulan 30 AZN-in hansı əsasla tutulduğu məlum deyil.
Bu kimi hallar Azərbaycanın bank qanunvericiliyi və müştəri xidmətləri standartlarının kobud şəkildə pozulması hesab olunur. Müştəri artıq tutulan məbləğin geri qaytarılması və əməkdaşların intizam məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Mərkəzi Bankına (AMB) və bankın daxili audit departamentinə rəsmi şikayət etmək hüququna malikdir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırı hazırıq.