Azərbaycanda əlilliyi olan şəxslərin sayı təxminən 500 min nəfərə yaxındır. Bu, ölkə əhalisinin təxminən 5 faizi deməkdir. Başqa sözlə, hər 20 nəfərdən biri fiziki və ya psixoloji məhdudiyyətlərlə yaşayır.
Son illərdə dövlət bu sahədə sosial siyasəti genişləndirsə də, bir sual açıq qalır: Verilən dəstək bu insanların real həyat ehtiyaclarını qarşılayırmı?
Azərbaycanda əlilliyin əsas səbəbləri qəzalar deyil, xəstəliklərdir. Bura onkoloji, sinir sistemi xəstəlikləri və psixi pozuntular daxildir. Bu kateqoriyalar ümumi müraciətlərin 55–56%-ni təşkil edir.
Digər mühüm səbəblər görmə problemləri və göz xəstəlikləri, xroniki daxili orqan xəstəlikləri, travmalar və qəzalardır. (yol-nəqliyyat, istehsalat və s.) Bununla yanaşı anadangəlmə (doğuşdan) əlillik də siyahıda yer alır. Burada dəqiq faiz göstəriciləri hər il açıqlanmır, amma mövcud struktura baxsaq 18 yaşadək əlilliyi olan uşaqların sayı 43,498 nəfərdir. Bu kateqoriyaya anadangəlmə qüsurlar, genetik xəstəliklər,erkən yaşda yaranan sağlamlıq problemləri daxildir. Ümumi əlillərin içində uşaqların payı təxminən 8–9% -dir.
Bu rəqəm tam olaraq yalnız anadangəlmə əlillik deyil, amma onun əsas hissəsini təşkil edir. Azərbaycanda uşaqlarda əlilliyin böyük hissəsi məhz anadangəlmə və erkən inkişaf problemləri ilə bağlıdır.
Cəmiyyətdə çox vaxt əlillik deyəndə qəzalar ön plana çıxır, amma göründüyü kimi statistikada əsas yük xəstəliklərin üzərinə düşür.
Son 30 ildə ölkəmizin düçar olduğu müharibə səbəbindən Azərbaycanda müharibə iştirakçıları da bu siyahıda yer alır. Dövlət Statistika Komitəsinin 2025-ci il aprelin 1-nə olan məlumatına görə, Azərbaycanda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin ümumi sayı 19 520 nəfər təşkil edir.
Bu rəqəm müxtəlif kateqoriyalar üzrə aşağıdakı kimi bölünür:
Ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar: Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin sayı 14 229 nəfərdir.
Xidməti vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar: Hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlillik qazanmış şəxslərin sayı 2 800 nəfərdən çoxdur.
Digər münaqişələr və hadisələr: Bu siyahıya həmçinin 1941-1945-ci illər müharibəsi (hazırda cəmi 13 nəfər), Çernobıl AES-də hərbi xidmətlə əlaqədar və başqa ölkələrdəki hərbi münaqişələrdə iştirak edənlər də daxildir
Dövlətin sosial siyasəti: artan xərclər, genişlənən proqramlar
Azərbaycanda son illərdə həyata keçirilən sosial islahatlar nəticəsində əlillik müavinətləri və pensiyalar artırılıb, Prezident təqaüdləri tətbiq olunub. Həmçinin reabilitasiya və protez xidmətləri genişləndirilib, DOST mərkəzləri vasitəsilə xidmətlər sadələşdirilib. Müharibə əlilləri üçün mənzil proqramları həyata keçirilib.
Rəsmi statistikaya görə, sosial ödənişlər bir neçə dəfə artırılıb və dövlət bu sahəyə milyardlarla manat vəsait yönəldib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin bu günlərdə APA İnformasiya Agentliyinə və ARB24 televiziya kanalına verdiyi müsahibədə deyib ki, Azərbaycanda ötən müddət ərzində sosialyönümlü xərclər 2,2 dəfə artaraq 7,8 milyard manatdan 17,1 milyard manat çatıb. Sosial müdafiə və sosial təminat xərcləri isə 2,2 dəfə artaraq 2,3 milyard manatdan 4,9 milyard manata çatıb.
Nazir qeyd edib ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən əlilliyi olan şəxslərin işlə təmin olunması istiqamətində aktiv məşğulluq tədbirləri həyata keçirilir. 2025-ci ildə 6 minə yaxın əlilliyi olan şəxsin işə düzəlməsinə dəstək olub. Ötən il 1300 əlilliyi olan şəxs özünüməşğulluğunun təşkili proqramına cəlb edilib.
Vətən müharibəsindən sonrakı dövrlərdə şəhid ailələri və müharibə əlillərinə edilən sosial ödənişlərin məbləği 2 dəfə artırılıb. 25,6 min şəxsə müxtəlif birdəfəlik ödənişlər – sığorta ödənişləri həyata keçirilib.
Bu kateqoriyada olan 7200 şəxsin mənzillə təminatını həyata keçirilib. Ümumilikdə isə 16 min müharibə əlilinə və şəhid ailə üzvünə mənzillə təmin edilib. Ümumilikdə, ötən müddət ərzində 30 minə yaxın şəhid ailə üzvünün və müharibə əlilinin aktiv məşğulluq proqramlarına cəlb olunub.
İlk baxışda bu, güclü sosial müdafiə modeli təsiri yaradır.
Artım diqqətçəkən olsa da amma kifayət deyil. Mövcud rəqəmlərə baxanda bu sektorda çağırışları görmək olur:
Burada minimum pensiya 320–349 manat, əlillik müavinətləri isə 180–300 manat arasındadır.
Bu məbləğlər xüsusilə dərman xərcləri, xüsusi qulluq, reabilitasiya ehtiyacları nəzərə alındıqda kifayət etmir. Ekspertlərin fikrincə, mövcud sistem hələ də tam effektiv deyil. Bu, sosial müdafiə yox, sadəcə minimum təminatdır. Mütəxəssislərin rəyincə, Azərbaycanda əlillərə verilən ödənişlər daha çox minimal yaşayış səviyyəsini qorumağa hesablanıb. Amma bu, keyfiyyətli həyat üçün yetərli deyil. Xüsusilə ağır əlilliyi olan şəxslərin xərcləri bu rəqəmləri ciddi şəkildə üstələyir.
Ekspertlərin rəyincə, sosial ödənişlər inflyasiya ilə paralel artmır, real həyat xərcləri ilə uyğunsuzluq var. Əsas problemə gəlincə, sistem “passiv dəstək” üzərində qurulub
Digər mühüm məsələ əlillərin məşğulluğudur.
Əmək bazarı üzrə mütəxəssislər qeyd edirlər ki, Azərbaycanda əlillərlə bağlı siyasət daha çox sosial yardım üzərində qurulub. Halbuki inkişaf etmiş ölkələrdə əsas prioritet onların əmək bazarına inteqrasiyasıdır.
Burada problem nədir?
Ekspertlər qeyd edir ki, kvota sistemi formal işləyir. Özəl sektor əlilləri işə götürməkdə maraqlı deyil, uyğun iş mühiti kifayət qədər yaradılmayıb.
Nəticədə əlillərin böyük hissəsi dövlətdən asılı vəziyyətdə qalır.
Bundan başqa paytaxt və regionlar arasında da ciddi fərq müşahidə olunur. Bakıda müəyyən xidmətlərə çıxış var, amma regionlarda əlillər üçün reabilitasiya, məşğulluq və sosial xidmətlər xeyli məhduddur. Bu isə sosial bərabərsizliyi artırır.
Azərbaycanda əlilliyi olan uşaqların sayı 40 mindən çoxdur. Bu isə o deməkdir ki, problem təkcə bu günün deyil, gələcək sosial siyasət üçün də ciddi çağırışdır. Ekspertlər hesab edir ki,erkən diaqnostika və profilaktika sahəsində işlər gücləndirilməlidir.
Beynəlxalq təcrübə nə deyir?
İnkişaf etmiş ölkələrdə məsələyə yanaşma fərqlidir. Bu ölkələrdə əlillərə yalnız pul verilmir. Onlar üçün xüsusi iş yerləri yaradılır, vergi güzəştləri tətbiq olunur, inklüziv təhsil sistemi qurulur. Yəni əsas məqsəd asılılıq yox, müstəqil həyatdır.
Azərbaycanda əlillərlə bağlı sosial siyasət son illərdə inkişaf etsə də, mövcud model hələ də kifayət qədər effektiv sayılmır.
Əsas problemlər ödənişlərin aşağı səviyyədə qalması, məşğulluğun zəif olması, regionlararası fərqlərdir. Ekspertlərin ortaq qənaətincə, növbəti mərhələdə diqqət bu istiqamətlərə yönəlməlidir: Sosial ödənişlərin artırılması, əlillərin işlə təmin olunması, inklüziv mühitin yaradılması.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial siyasət “vətəndaş rifahı” prinsipini mərkəzə qoyaraq ölkənin sosial-iqtisadi simasını əhəmiyyətli dərəcədə dəyişib.
Bu siyasət nəticəsində həssas qrupların müdafiəsində ciddi addımlar atılıb. Şəhid ailələri, müharibə əlilləri və məcburi köçkünlər üçün minlərlə fərdi ev və mənzil istifadəyə verilib. Müasir reabilitasiya mərkəzləri istifadəyə verilərək müharibə iştirakçılarının və əlillərin sosial adaptasiyası təmin edilib. Bu baxımdan əlillərə verilən dəstək yalnız sosial yardım məsələsi deyil. Bu, həm də cəmiyyətin inkişaf səviyyəsinin göstəricisidir.
Sunay AYDIN