1993-cü ilin iyun ayında Azərbaycan təkcə hərbi-siyasi böhran və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə deyildi. Ölkədə həm də ciddi bir mənəvi-psixoloji aşınma, cəmiyyəti birləşdirəcək ortaq dəyərlər sisteminin itirilməsi qorxusu yaşanırdı.
Belə bir həssas məqamda Naxçıvandan Bakıya qayıdan Heydər Əliyevin atdığı ilk strateji addımlardan biri cəmiyyətin mənəvi sütunlarını bərpa etmək və dini mərkəzlərlə dialoq qurmaq oldu. Bu dialoqun mərkəzində isə Qafqaz Müsəlmanları İdarəsi və Şeyxülislam Allahşükür Paşazadə dayanırdı.
Heydər Əliyev və Şeyxülislam arasındakı münasibətlərin tarixi kökləri daha əvvəlki illərə – onun SSRİ rəhbərliyində təmsil olunduğu və daha sonra Naxçıvanda fəaliyyət göstərdiyi dövrlərə təsadüf edirdi.
SSRİ dövründə yüksək dövlət postunu tutmuş Heydər Əliyev cəmiyyətdə mənəvi keyfiyyətin formalaşmasında dinin rolunu vacibliyini qiymətləndirirdi. Ateist rejimdə çalışan dövlət rəhbəri olmasına baxmayaraq o, Azərbaycanın minillik tarixi olan inancının qorunmasında öz köməyini əsirgəməyib.
Heydər Əliyev 1980-ci ildə Azərbaycanda ilk tam dini təhsil almış gənc Allahşükür Paşazadənin QMİ sədri və Şeyxülislam vəzifəsinə namizədliyini dəstəkləməklə ölkədə dini cameə üçün tam yeni bir pəncərə açdı.
Ulu Öndər sovet hakimiyyəti zamanında Azərbaycanda dini –mənəvi prinsipləri hucumlardan qoruyan nadir sovet rəhbəri olmaqla dindarlar arasında böyük etimad qazana bilmişdi.
Elə təkcə Gəncə imamzadəsinin dağıdılması ilə bağlı SSRİ mərkəzi hakimiyyətinin qərarının qarşını alan Heydər Əliyev bununla ölkəmizin min illik tarixi izini qorudu.
Azərbaycanın ən ağır günlərində -1990-cı 20 yanvar qırğını zamanı Azərbaycanın başına gətirilmiş fəlakətə SSRİ-də diqqəti çəkən iki etiraz sədası yüksəldi. Bakıda Şeyxülisam Allahşükür Paşazadə, Moskvada Heydər Əliyev sovet rəhbərliyini açıq mətnlə sərt ittiham edən ictimai şəxslər oldu.

Lakin 1993-cü ilin iyun hadisələri bu münasibətləri şəxsi tanışlıq müstəvisindən çıxararaq “dövlət-din” tərəfdaşlığının əsasına çevirdi.
1993-cü ilin iyununda Bakıda gərginlik pik həddə çatanda, QMİ və şəxsən Şeyxülislam ölkədə qardaş qırğınının qarşısının alınması üçün mənəvi avtoritetlərini işə saldılar. Heydər Əliyevin Bakıya dəvət olunması və onun xalq tərəfindən qəbul edilməsi prosesində dini icmanın mövqeyi cəmiyyətdəki bəzi radikal qrupların neytrallaşdırılmasında mühüm rol oynadı.
Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra onun ilk əlaqə saxladığı QMİ oldu. Təzəpir məscidində dindarlarla görüşən prezident öllkədə dini və milli həmrəyliyin qorunmasını ölkə üçün ən vacib prioritet saydığını elan etdi. Bu məsələdə QMİ-nin və Şeyxülislamın üzərinə çox böyük məsuliyyət düşdüyünü bildirdi. Heydər Əliyevin çıxışında “heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrdən istifadə edərək gələcəyimizi quracağıq” sözləri onun mənəvi dəyərlərinə sədaqətindən xəbər verirdi.
Ulu Öndərin ilk sərəncamlarından biri Bibiheybət məscidinin bərpası ilə bağlı oldu. Məhz Heydər Əliyevin rəhbərliyi ilə Bibiheybət məscidi təmir olunaraq Azərbaycan müsəlmanlarının istifadəsinə verilmişdi. 1996-cı ildə təməlqoymada şəxsən iştirak edən Heydər Əliyev 1998-ci ilin 12 iyulunda məscidin ilk minarəsinin açılışında iştirak etdi. Prezident İlham Əliyevin iştirakı ilə 2008-ci ilin 14 iyulunda Bibiheybət məscid ziyarətgahının artıq tam kompleks olaraq açılışı oldu.
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra tez-tez Təzəpir məscidini ziyarət etməsi, dini bayramlarda və rəsmi tədbirlərdə Şeyxülislamla yan-yana dayanması sadəcə bir protokol deyil, xalqa verilən aydın bir ismarış idi: Yeni qurulan dövlət öz milli-mənəvi köklərinə və dini kimliyinə söykənir.
Bu tərəfdaşlığın uğurlu olmasının əsas səbəblərindən biri tərəflər arasında illərlə sınaqdan çıxmış səmimi etimad mühiti idi. Heydər Əliyev Şeyxülislamın həm ölkə daxilində, həm də bütün Qafqazda (xüsusilə Dağıstan, Çeçenistan və digər müsəlman bölgələrində) olan böyük nüfuzunu dərindən analiz edirdi. “Şeyxülislam Allahşükür Paşazadə təkcə müsəlmanların dini rəhbəri deyil, o, Azərbaycan dövlətçiliyinin formalaşmasında və beynəlxalq aləmdə tanınmasında mühüm xidmətləri olan böyük bir ictimai-siyasi xadimdir.”-deyə Heydər Əliyev çıxışların birində demişdi.
Şeyxülislam isə öz növbəsində Heydər Əliyevi “mənəviyyat hamisi” kimi xarakterizə edir, dövlətin din işlərinə qarışmadan ona himayə göstərməsini yüksək qiymətləndirirdi. Bu qarşılıqlı hörmət sayəsində 90-cı illərin xaotik mühitində digər postsovet ölkələrindən fərqli olaraq, Azərbaycanda dinin siyasiləşməsinin və radikal cərəyanların geniş kütlələrə nüfuz etməsininin qarşısı vaxtında alındı.

Tolerantlıq və dini Həmrəylik modeli
1993-cü ildən sonra Heydər Əliyev və QMİ-nin birgə fəaliyyətinin ən böyük töhfəsi bu gün dünya miqyasında “Azərbaycanın tolerantlıq modeli” kimi qəbul edilən sistemin əsasını qoymaq oldu. QMİ-nin rəhbərliyi altında pravoslav, yəhudi və digər qeyri-müsəlman icmaların rəhbərləri ilə vahid platforma yaradıldı. Azərbaycanın çoxkonfessiyalı obrazı beynəlxalq arenaya çıxarıldı. Şeyxülislam Heydər Əliyevin tapşırıqları və dəstəyi ilə beynəlxalq dini forumlarda, İslam Əməkdaşlıq Təşkilatında Ermənistanın təcavüzkar siyasətini ifşa edən diplomatik fəaliyyət apardı.
Vətən Müharibəsi bir daha tolerantlığımızın sınağı oldu. Azərbaycanın öz torpaqlarını azad etməsi uğrunda apardığı müharibə ölkəmizin bütün dini konfessiyaları tərəfindən dəstəkləndi.
Ümumilli Liderin siyasi xətti nəticəsində “Dini etiqad azadlığı haqqında” Qanunun təkmilləşdirilməsində QMİ-nin rəyi nəzərə alındı. Dövlət dindarlara təzyiq vasitəsi olmaqdan çıxıb, azadlıqların təminatçısına çevrildi.
Heydər Əliyev-QMİ tandemi təkcə Azərbaycan daxilində deyil, regional təhlükəsizlik müstəvisində də ciddi çəkiyə malik idi. Şimali Qafqazda baş verən gərginliklərin (Çeçenistan müharibələri və s.) Azərbaycana sıçramamasında QMİ-nin regional nüfuzu və dövlətin çevik xarici siyasəti sinxron şəkildə işləyirdi. QMİ regiondakı dini liderlərlə əlaqələri vasitəsilə Azərbaycanı Qafqazın sabitlik və mənəvi mərkəzinə çevirə bildi.

15 iyun 1993-cü ildə başlayan proses sübut etdi ki, güclü dövlət yalnız ordu və iqtisadiyyatla deyil, həm də cəmiyyətin mənəvi sütunları ilə möhkəmlənir. Heydər Əliyevin QMİ və Şeyxülislam Allahşükür Paşazadə ilə qurduğu etimad mühiti, Azərbaycanda dinin parçalayıcı bir faktor deyil, birləşdirici bir qüvvə, tolerantlığın isə sadəcə bir şüar deyil, dövlət siyasəti olmasını təmin etdi. Bu gün bu siyasətin uğurla davam etdirilməsi məhz 33 il əvvəl iyun günlərində qoyulmuş həmin möhkəm təmələ söykənir.
Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasət sayəsində inkişaf edir, dünyaya təqdim olunur.
Məhz dövlət rəhbərimizin ardıcıl siyasi iradəsi və təşəbbüskarlığı sayəsində Bakı istər mədəniyyətlərarası, istərsə də dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, Forumların ardıcıl keçirildiyi ənənəvi məkana çevrilib.
Aydın Əliyev







