Bəşəriyyət tarixində müharibələr, quraqlıqlar, epidemiyalar və iqlim dəyişiklikləri səbəbindən baş verən aclıqlar milyonlarla insanın həyatına son qoyub. Bununla belə, bəzi qida məhsulları müxtəlif dövrlərdə bütöv xalqların sağ qalmasına kömək edib. Tarixçilər hesab edirlər ki, bir sıra bitkilərin geniş yayılması olmasaydı, dünyanın demoqrafik xəritəsi bu gün tamamilə fərqli görünə bilərdi.
AzPost xarici mediaya istinadla xəbər verir ki, tarix boyu insanları aclıqdan ən çox xilas edən məhsullardan biri kartof olub. XVI əsrdə Cənubi Amerikadan Avropaya gətirilən kartof qısa müddətdə qitənin əsas ərzaq məhsullarından birinə çevrilib. Məhsuldarlığının yüksək olması, müxtəlif torpaq şəraitinə uyğunlaşması və uzun müddət saxlanıla bilməsi onun sürətlə yayılmasına səbəb olub. Tarixçilərin fikrincə, XVIII və XIX əsrlərdə Avropa əhalisinin sürətli artımında kartofun mühüm rolu olub.
Qida tarixi üzrə britaniyalı tədqiqatçı Rebekka Erl bildirib ki, kartof bir çox ölkədə yoxsul əhalinin əsas qida mənbəyinə çevrilərək kütləvi aclıqların qarşısının alınmasına kömək edib. Onun sözlərinə görə, bir hektar ərazidən əldə edilən kalori miqdarı baxımından kartof uzun müddət digər bir çox kənd təsərrüfatı məhsullarını geridə qoyub.
Tarixdə mühüm rol oynayan digər məhsul isə düyü hesab olunur. Xüsusilə Asiyada milyardlarla insanın qidalanmasında əsas yer tutan düyü min illərdir insanların gündəlik ərzaq səbətinin ayrılmaz hissəsidir. Çin, Hindistan və Cənub-Şərqi Asiya ölkələrində düyü istehsalının inkişafı əhalinin ərzaq təminatının möhkəmlənməsinə ciddi təsir göstərib.
Alimlər qarğıdalının da dünya ərzaq təhlükəsizliyində xüsusi yer tutduğunu bildirirlər. Amerikada yaranan bu bitki sonradan Afrika, Avropa və Asiyada geniş yayılıb. Xüsusilə quraq ərazilərdə yetişdirilə bilməsi onu milyonlarla insan üçün vacib qida mənbəyinə çevirib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının keçmiş eksperti Devid Daubeldə qeyd edir ki, buğda da insan sivilizasiyasının inkişafında əsas məhsullardan biri olub. Onun sözlərinə görə, buğda istehsalının genişlənməsi şəhərlərin yaranmasına, ticarətin inkişafına və əhalinin sayının artmasına imkan yaradıb.
Mütəxəssislər hesab edirlər ki, kartof, düyü, qarğıdalı və buğda kimi məhsullar sadəcə qida deyil, bəşəriyyət tarixini dəyişən strateji resurslar olub. Bu məhsullar müxtəlif dövrlərdə milyonlarla insanın aclıqdan xilas olmasına kömək edib və bu gün də dünya ərzaq təhlükəsizliyinin əsas dayaqları hesab olunur.