İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin İranın Ali Rəhbəri Əli Xameneinin olduğu məkanlar barədə məlumat əldə etməsinə imkan verən kəşfiyyat sızmasının böyük ehtimalla hələ də aradan qaldırılmadığını açıqlayıb.
Azpost.info xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Əraqçinin sözlərinə görə, hərbi qarşıdurma təhlükəsinin artdığı barədə ilk xəbərdarlıqlar hələ fevralın 28-də ölkə rəhbərliyinə çatdırılmışdı.
Nazir bildirib ki, həmin gün səhər saat 08:00-da Prezident Məsud Pezeşkianla görüşərək ölkədə artıq “müharibə ab-havasının hökm sürdüyünü” deyib.
“Fevralın 28-dən etibarən vəziyyət müharibəyə doğru gedirdi. Prezidentə bunu açıq şəkildə bildirdim. Daha sonra saat 09:00-da Ali Rəhbərin köməkçisi Əli Əsgər Mir Hicazi ilə görüşərək danışıqların nəticələri və artan təhlükə barədə məlumat verdim”, – deyə Əraqçi bildirib.
Nazirin sözlərinə görə, məhz həmin vaxt görüş keçirilən məkan hücuma məruz qalıb.
Əraqçi qeyd edib ki, həmin saatlarda İranın müxtəlif yüksək səviyyəli qurumlarının iclasları eyni vaxtda keçirilirdi. Onun sözlərinə görə, Xarici Əlaqələr üzrə Strateji Şuranın iclası davam edir, Əli Xamenei öz iş otağında olur, Əli Şəmxani isə Müdafiə Şurasının iclasına rəhbərlik edirdi.
“Bu günlərdə eyni vaxtda bir neçə iclasın keçirilməsi qeyri-adi deyildi. Lakin düşmənin bu görüşlərdən xəbərdar olması, böyük ehtimalla, hələ də aradan qaldırılmamış kəşfiyyat məlumatı sızmasının nəticəsi idi”, – deyə İran XİN rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, İsrailin hədəf aldığı obyektlər arasında Əli Şəmxaninin Müdafiə Şurasındakı iclas zalı, Əli Əsgər Mir Hicazinin ofisi, Şirazinin iş otağı və Ali Rəhbərin iqamətgahındakı iş otağı da olub.
Abbas Əraqçi yeni Ali Rəhbər kimi adı hallandırılan Müctəba Xamenei barədə də danışıb. O bildirib ki, indiyədək onunla şəxsən görüşməyib.
“Onunla bu günə qədər yalnız çox az sayda insan görüşüb”, – deyə İranın xarici işlər naziri əlavə edib.