Azərbaycanın diplomatik təşəbbüsündən sonra İsrail Knesseti qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı məsələni gündəliyindən çıxarıb.
Azpost.info xəbər verir ki, bu barədə İsrailin nüfuzlu “Haaretz” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, İsrail rəsmiləri Azərbaycan tərəfini əmin ediblər ki, qondarma “erməni soyqırımı”nın tanınmasına dair məsələ artıq Knessetin gündəliyində yer almır.
İsrailli mənbənin iddiasına əsasən, xarici işlər naziri Gideon Saarın təşəbbüsü ilə gündəmə gətirilən səsvermə Azərbaycan Prezidenti İlham Əliyevin adından Prezidentin köməkçisi və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İsrail Baş nazirinin Ofisi ilə əlaqə saxlamasından sonra dayandırılıb.
Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu məsələni bloklayıb.
“Haaretz” bildirir ki, bundan sonra İsrail hökuməti Azərbaycan rəsmilərinə rəsmi şəkildə məlumat verərək sözügedən məsələnin Knessetin gündəliyindən çıxarıldığını və bu səbəbdən parlamentin yay tətilindən əvvəl keçirilən son plenar iclaslarında səsverməyə çıxarılmayacağını bəyan edib.
Qeyd edək ki, İsrail və Azərbaycan son illərdə siyasi, təhlükəsizlik, enerji və iqtisadi sahələrdə strateji tərəfdaşlıq münasibətlərini daha da genişləndiriblər. Bu əməkdaşlıq iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun davam etməsinə imkan yaradır.