Özəl uşaq bağçalarının ödənişinin 70 faizini dövlət verəcək –– Yeni dəstək mexanizmi açıqlandı

Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi istiqamətində son illərdə həyata keçirilən tədbirlər nəticəsində bu sahədə mühüm irəliləyiş əldə olunub. Dövlət məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsi genişləndirilib, məktəblərdə məktəbəhazırlıq qrupları yaradılıb və valideynlərin özəl bağçalardan istifadəsini stimullaşdıracaq yeni maliyyə mexanizmi tətbiq edilir.

Azpost.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, son on il ərzində uşaqların daha erkən yaşdan məktəbəqədər təhsilə cəlb olunması məqsədilə mərhələli addımlar atılıb.

Vəfa Yaqublu bildirib ki, bu müddətdə dövlət uşaq bağçalarının şəbəkəsi genişləndirilib, yeni binalar inşa olunub, mövcud təhsil müəssisələrində əsaslı və cari təmir işləri aparılıb.

Direktor müavini xatırladıb ki, 2016-cı ildən etibarən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Onun sözlərinə görə, ötən tədris ilində bu qruplara 86 mindən çox beşyaşlı uşaq cəlb edilib. Bundan əlavə, başa çatan tədris ilində 24 mindən çox uşaq icma əsaslı məktəbəqədər hazırlıq qruplarında təhsil alıb.

Vəfa Yaqublu qeyd edib ki, həyata keçirilən mühüm layihələrdən biri də valideyn–dövlət–özəl əməkdaşlığı modeli çərçivəsində tətbiq olunan qrant mexanizmidir. O bildirib ki, iki il əvvəl başlayan layihədən 2025–2026-cı tədris ilində 4 mindən çox uşaq yararlanıb.

Direktor müavininin sözlərinə görə, yeni qaydalara əsasən dövlət özəl məktəbəqədər təhsil müəssisələrinin xidmət haqqının 70 faizini maliyyələşdirəcək.

O bildirib ki, maliyyə dəstəyi Bakı şəhərində 350 manatdan, regionlarda isə 250 manatdan artıq olmamaq şərti ilə veriləcək və bu vəsait valideynlərin ödədiyi xidmət haqqının əhəmiyyətli hissəsini qarşılayacaq.

Vəfa Yaqublu hesab edir ki, yeni mexanizm sayəsində daha çox ailə özəl uşaq bağçalarının xidmətlərindən istifadə edə biləcək. Onun fikrincə, bu addım dövlət bağçalarında növbələrin azalmasına, məktəbəqədər təhsilə çıxış imkanlarının genişlənməsinə, həmçinin özəl təhsil müəssisələrinin inkişafına və yeni iş yerlərinin yaradılmasına da müsbət təsir göstərəcək.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.