İsveçrə və Almaniya sərhədinin hər iki tərəfində aparılan arxeoloji tədqiqatlar Roma imperiyasının şimal sərhədlərində həyat haqqında yeni məlumatlar ortaya çıxarıb. Alimlər İsveçrədə qədim Tasgetium yaşayış məskəninin əvvəllər məlum olmayan məhəllələrini üzə çıxarıb, Almaniyanın cənubunda isə nadir kənd malikanəsi aşkarlayıblar.
Azpost.info bildirir ki, bu barədə Heritage Daily nəşri məlumat yayıb.
Bataqlıq qədim tikililəri qoruyub saxlayıb
İsveçrənin Turqau kantonunda yerləşən qədim Tasgetium şəhərinin ərazisində aparılan qazıntılar zamanı Roma dövrünə aid 2 min ildən çox yaşı olan yaşayış məskəninin izləri aşkarlanıb. Layihə rəhbəri, Turqau Arxeologiya İdarəsinin nümayəndəsi Simone Benqerelin sözlərinə görə, tədqiqatçılar yaşayış məntəqəsinin mərkəzi hissəsini ətraflı öyrənə biliblər.
Arxeoloqlar şəhərin əsas küçəsini tam şəkildə üzə çıxarıblar. Küçənin hər iki tərəfində taxtadan tikilmiş terras tipli evlər, daxili həyətlər və yağışdan qorunmaq üçün örtülü gəzinti qalereyaları yerləşib. Tapıntının ən diqqətçəkən cəhəti üzvi materialların demək olar ki, mükəmməl vəziyyətdə qorunması olub. Qədim mühəndislər şəhəri bataqlıq torpaqda saldıqları üçün zəif qruntu taxta bünövrələrlə möhkəmləndirmişdilər. Daimi rütubət isə ağac materialını təxminən iki min il ərzində çürüməkdən qoruyub.
Qazıntılar zamanı həmçinin gil qabların qalıqları, qədim sakinlərin ərzaq qalıqları, romalılara məxsus xırda sikkələr aşkar edilib.
Almaniyada Roma kənd malikanəsi tapıldı
Paralel olaraq Almaniyanın Konstans şəhəri yaxınlığındakı Qafner bölgəsində aparılan qazıntılar zamanı eramızın III–V əsrlərinə aid nadir kənd yaşayış məskəni aşkarlanıb. Bunun altında isə e.ə. II və I minilliklərə aid Tunc və Dəmir dövrlərinin mədəni təbəqələri müəyyən edilib.
Tədqiqatçılar ərazidə aşağıdakı tikililəri müəyyənləşdiriblər:
ən azı iki kənd malikanəsi;
təsərrüfat tikililəri;
yarımqazma tipli yaşayış evi;
mərasim süfrə qablarının və məişət keramikasının qalıqları.
Rayon arxeoloqu Yurgen Qald bildirib ki, bu dövrə aid kənd malikanələri bölgədə olduqca nadir rast gəlinir. Onun sözlərinə görə, eramızın III əsrində Roma ordusu Heqau bölgəsini tərk edərək Reyn çayı və Boden gölü boyunca daha güclü müdafiə xətlərinə çəkilmişdi.
İndi tarixçilər həmin ərazilərin sonradan Roma həyat tərzini mənimsəmiş german tayfaları tərəfindən məskunlaşdırılıb-məskunlaşdırılmadığını araşdırırlar.
Roma imperiyasının mühüm ticarət mərkəzləri
Yeni tapıntılar Eşens, Konstans və Avstriyanın Breqens şəhərlərinin Boden gölü hövzəsində Roma dövrünün əsas nəqliyyat və ticarət mərkəzləri olduğunu bir daha təsdiqləyir.
Bu şəhərlər ticarət yollarına nəzarət edir, gömrük rüsumları toplayırdı. Onların ərzaq təminatı isə şəhər ətrafında yerləşən villae rusticae adlanan kənd malikanələri tərəfindən həyata keçirilirdi.
Alimlərin məlumatına görə, Boden gölü ətrafında indiyədək bu tip 120-yə yaxın Roma kənd təsərrüfatı malikanəsi aşkar olunub.
N.Talıbov