İran müharibəsinin gözlənilməz nəticəsi –Balinalar təhlükə altına düşdü

İran ətrafında gərginliyin artması və husilərin ticarət gəmilərinə hücumları Yaxın Şərqdən minlərlə kilometr uzaqda yaşayan qozbel balinalar (humpback whales) üçün gözlənilməz təhlükə yaradıb.

Qırmızı dəniz və Hörmüz boğazında təhlükəsizlik risklərinin artması səbəbindən iri yükdaşıma şirkətləri marşrutlarını dəyişərək gəmilərini Afrikanın cənubundan, Ümid burnu ətrafından keçirməyə başlayıblar.

Nəticədə konteyner gəmiləri və neft tankerlərinin Cənubi Afrika sahillərində hərəkəti kəskin artıb. Halbuki həmin sular qozbel balinaların qidalandığı, çoxaldığı və miqrasiya etdiyi əsas ərazilərdən hesab olunur.

2023-cü ilin sonundan etibarən bu marşrut üzrə hərəkət edən gəmilərin sayı təxminən dörd dəfə artıb. Husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları daşıyıcıları alternativ marşrutlara keçməyə məcbur edib, İran ətrafında gərginliyin artması isə bölgədəki əsas dəniz yollarında vəziyyəti daha da mürəkkəbləşdirib.

Balinalar üçün ölümcül təhlükə

Dünya logistikasındakı bu dəyişiklik balinalar üçün birbaşa fiziki təhlükəyə çevrilib. İri yük gəmilərinin marşrutları indi balinaların qidalandığı, miqrasiya etdiyi və balalarını böyütdüyü ərazilərdən keçir. Ən böyük təhlükə konteyner gəmiləri və neft tankerləri ilə toqquşmalardır. Böyük gəmilər sürətlə istiqamətini dəyişə bilmədiyi üçün balinalar gəminin gövdəsinə və ya güclü pərlərinə tuş gələ bilirlər.

Alimlər balinaların nə qədərinin həlak olduğunu dəqiq müəyyən edə bilmirlər. Çünki toqquşmadan sonra onların əksəriyyəti dənizin dibinə batır və cəsədləri sahilə çıxmır. Bununla belə, Keyptaun yaxınlığında gəmi pərlərinin yaratdığı dərin yaralar olan balina cəsədlərinin tapılması belə halların artdığını göstərir.

Bərpa olunan populyasiya yenidən risk altındadır

Bu təhlükə qozbel balinaların sayının tarixi şəkildə bərpa olunduğu dövrdə yaranıb. Kütləvi balina ovuna görə onların Cənub yarımkürəsindəki sayı vaxtilə 10 mindən də aşağı düşmüşdü. 1986-cı ildə kommersiya məqsədli balina ovuna beynəlxalq moratorium tətbiq edildikdən sonra vəziyyət tədricən yaxşılaşmağa başlayıb. Hazırda qozbel balinaların sayı 100 mindən çox qiymətləndirilir.

Bu yaxınlarda Cənubi Afrikanın qərb sahillərində eyni ərazidə 299 qozbel balinanın müşahidə olunması tarixdə qeydə alınan ən böyük balina toplaşmalarından biri hesab edilir.

Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, İran ətrafındakı hərbi gərginlik və husilərin hücumları nəticəsində dünya ticarət donanmasının marşrutlarının dəyişməsi dəniz ekosistemində gözlənilməz problemlər yaradıb. Bunun təsirləri artıq Afrikanın cənub sahillərində yaşayan balinaların taleyinə də mənfi təsir göstərməyə başlayıb.

N.TALIBOV

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.