Rusiya bazarına süd məhsullarının ixracı dayandırılacağı təqdirdə Ermənistan bu sahədən əldə etdiyi ixrac gəlirlərinin təxminən 80 faizini itirə bilər.
Azpost.info bildirir ki, RIA Novosti agentliyinin milli statistika orqanlarının məlumatları əsasında apardığı hesablamalara görə, Ermənistanın süd məhsulları ixracından əldə etdiyi gəlirin 16 milyon dolları məhz Rusiya bazarının payına düşür.
Bu, ölkənin süd məhsulları ixracından əldə etdiyi ümumi gəlirin 79,3 faizini təşkil edir. Ermənistanın bu kateqoriya üzrə ümumi ixrac həcmi isə 20,2 milyon dollar qiymətləndirilir.
Süd məhsulları kateqoriyasına pendir, süd, kərə yağı, yumurta və digər məhsullar daxildir.
Bundan əvvəl Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyi ölkədə istehsal olunan süd məhsullarının keyfiyyətinə daim nəzarət edildiyini və onların müəyyən edilmiş standartlara uyğun olduğunu bəyan etmişdi.
Qurumun açıqlaması Rosselxoznadzorun iyulun 27-dən etibarən Ermənistandan Rusiyaya süd məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq etməsi qərarına cavab olaraq verilib.
Rosselxoznadzor bildirib ki, Ermənistanın süd emalı müəssisələrində aparılan yoxlamalardan sonra yerli nəzarət orqanından Rusiyaya ixrac üçün nəzərdə tutulan bütün süd məhsulları üzrə baytarlıq sertifikatlarının verilməsinin dayandırılması xahiş olunub.
Qeyd edək ki, Rusiyanın tətbiq etdiyi bu məhdudiyyət Ermənistanın süd məhsulları ixracatçıları üçün ciddi iqtisadi risk yaradır. Çünki ölkənin bu sahədə əsas ixrac bazarı məhz Rusiyadır.