Səhər yorğun oyanmaq təkcə az yatmaqla bağlı olmaya bilər. Həkimlərin sözlərinə görə, gecə ərzində bir neçə dəfə oyanmaq bəzən həyat tərzi ilə əlaqəli olsa da, bəzi hallarda orqanizmin verdiyi siqnaldır.
Mütəxəssislər bildirirlər ki, sağlam insan gecə qısa müddətə oyansa belə, bunu çox vaxt xatırlamır. Lakin oyanmalar tez-tez təkrarlanırsa və yenidən yuxuya getmək çətinləşirsə, səbəbi araşdırmaq lazımdır.
Ən çox rast gəlinən səbəblər
- Axşam saatlarında kofein qəbulu;
- Yatmazdan əvvəl telefondan və planşetdən uzun müddət istifadə;
- Otağın həddindən artıq isti olması;
- Stress və narahatlıq;
- Yuxu apnesi;
- Sidiyə tez-tez çıxmaq;
- Bəzi dərmanların yan təsirləri.
Nə etmək lazımdır?
Həkimlər yatmazdan 2-3 saat əvvəl ağır yeməklərdən və kofeinli içkilərdən uzaq durmağı, otağın temperaturunu 18-20 dərəcə arasında saxlamağı və hər gün eyni saatda yatmağa çalışmağı tövsiyə edirlər.
Əgər problem həftələrlə davam edirsə, mütləq həkimə müraciət etmək məsləhətdir.