Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 2026-cı ildə kəskin şəkildə azalır və bu tendensiyanın davam edəcəyi gözlənilir.
Bu barədə Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Ermənistan arasında formalaşan vəziyyət əvvəlcədən proqnozlaşdırılırdı və Moskva son 3–4 il ərzində İrəvanı mümkün risklər, o cümlədən ticarət dövriyyəsinin azalacağı barədə dəfələrlə xəbərdar etmişdi.
Overçuk qeyd edib ki, 2024-cü ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edərək rekord səviyyəyə çatmışdı. Lakin 2025-ci ildə bu göstərici 8 milyard dollara qədər azalıb.
“2026-cı ildə isə ticarət dövriyyəsində dramatik azalma müşahidə olunur. Bu göstərici 2025-ci illə müqayisədə təxminən üçdə iki azalıb və görünən odur ki, azalma davam edəcək”, – deyə rusiyalı baş nazirin müavini vurğulayıb.
Eyni zamanda TASS agentliyinin yaydığı statistikaya görə, 2026-cı ilin yanvar–iyun aylarında Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 20,9 faiz azalıb.
İlk altı ay ərzində iki ölkə arasında ticarətin həcmi 2,63 milyard dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar–iyun aylarında bu göstərici 3,326 milyard dollar idi.
Statistika göstərir ki, Rusiyanın Ermənistanın ümumi xarici ticarətindəki payı da azalmaqdadır. Belə ki, 2026-cı ilin ilk yarısında bu göstərici 27,5 faiz olub. Ötən ilin eyni dövründə isə Rusiyanın payı 34,7 faiz təşkil edirdi.
Müşahidəçilər hesab edirlər ki, iki ölkə arasındakı iqtisadi əlaqələrin zəifləməsi Rusiya-Ermənistan münasibətlərində son illər yaranan siyasi və iqtisadi dəyişikliklərin fonunda baş verir.