Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Bəxtiyar Əli oğlu Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib.
Bəxtiyar Aslanbəyli ilə bağlı məlumatları təqdim edirik.
Bəxtiyar Əli oğlu Aslanbəyli 7 avqust 1976-cı ildə Bakı şəhərində anadan olub.
Bəzi mənbələrdə onun əslən Şəmkir rayonunun Dəllər Cırdaxan kəndindən olduğu ilə bağlı məlumatlar var.
1993-cü ildə 176 nömrəli tam orta məktəbi bitirib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində bakalavr, 1999-cu ildə isə həmin fakültədə magistr təhsili alıb.
Əmək fəaliyyətinə 1998-ci ildə PricewaterhouseCoopers şirkətində başlayıb. 2002-ci ildən BP şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışır.
2002–2009 – BP Azərbaycan şirkətində vergi müşaviri;
2009–2012 – BP Azərbaycan şirkətində Vergi hesabatları və nəzarət bölməsinin rəhbəri;
2012–2015 – BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Vergi və Gömrük direktoru;
2015–2020 – BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə Kommunikasiya və Xarici əlaqələr, Strategiya və Region üzrə vitse-prezidenti;
2020–2021 – BP-nin Yaxın Şərq və Xəzər ölkələri üzrə Xarici əlaqələr və Kommunikasiya üzrə vitse-prezidenti;
2021-ci ildən – BP-nin Xəzər regionu üzrə Xarici əlaqələr və Kommunikasiya üzrə vitse-prezidenti.
Pedaqoji fəaliyyətə 1997-ci ildə başlayıb. Hazırda Bakı Dövlət Universiteti, ADA Universiteti və Bakı Ali Neft Məktəbində mühazirələr oxuyur. O, həmçinin Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvüdür.
Qeyd edək ki, Bəxtiyar Aslanbəyli ehtiyatda olan zabitdir.
Ailəlidir, üç övladı var.