Münasibətlər həmişə sadə olmur. Bəzən isə fərqinə varmadan verdiyimiz bir sual cütlük arasındakı harmoniya və qarşılıqlı etimada zərər vura bilər.
Hətta möhkəm münasibətlərdə belə, bəzən təkcə uğursuz seçilmiş bir ifadə söhbəti mübahisəyə çevirə bilər. Psixoloqlar bildirirlər ki, irad, ittiham və ya müqayisə kimi səslənən suallar problemi həll etməyə kömək etmir. Əksinə, partnyoru müdafiə mövqeyinə keçməyə və ya özünü günahkar hiss etməyə vadar edə bilər.
Mütəxəssislər bu cür sualları şəxsi hisslər və ehtiyaclar haqqında sakit söhbətlə əvəz etməyi tövsiyə edirlər.
1. “Sən məni hələ də sevirsən?”
Bu sualın arabir verilməsində qeyri-adi heç nə yoxdur. Ancaq insan daim partnyorundan sevgisinin təsdiqini tələb edirsə, bu, daxili narahatlıq və özünəinam çatışmazlığından xəbər verə bilər.
Mütəxəssislər hesab edirlər ki, daima “məni sevirsənmi?” sualını vermək əvəzinə, narahatlığın nədən yarandığını anlamağa çalışmaq lazımdır. Çünki zaman keçdikcə münasibətlər və insanlar dəyişir, hisslər isə başqa bir forma ala bilər.
2. “Niyə yenə hər şeyi səhv edirsən?”
Bu ifadə problemi həll etmək cəhdindən daha çox, insana hücum kimi səslənir. Partnyor özünü daim tənqid olunan və qiymətləndirilməyən şəxs kimi hiss edə bilər.
Bunun əvəzinə, konkret olaraq hansı davranışın sizi narahat etdiyini söyləmək daha faydalıdır. Söhbət zamanı insanın xarakterini deyil, yaranmış vəziyyəti müzakirə etmək məsləhətdir.
3. “Niyə onun kimi ola bilmirsən?”
Partnyoru başqa insanlarla müqayisə etmək münasibətlərə ciddi zərər verə bilər. Davamlı müqayisə olunan insan özünü yetərsiz və dəyərsiz hiss edə bilər.
Bunun əvəzinə, sevdiyiniz insanın güclü tərəflərinə və sizi ona bağlayan xüsusiyyətlərə diqqət yetirmək daha doğru yanaşmadır.
4. “Niyə məni heç vaxt dinləmirsən?”
İnsana elə gələ bilər ki, partnyoru onun sözlərinə diqqət yetirmir. Lakin “heç vaxt” kimi ifadələr söhbəti daha da gərginləşdirir.
İttiham etmək əvəzinə, öz hisslərinizi ifadə edib, ünsiyyəti necə yaxşılaşdırmağın yollarını birlikdə müzakirə etmək daha səmərəli ola bilər. Bəzən problem diqqətsizlikdə yox, sadəcə ciddi söhbət üçün uyğun vaxtın və şəraitin seçilməməsində olur.
5. “Niyə bu qədər dəyişmisən?”
İnsanlar həyat boyu dəyişirlər və münasibətlər də müxtəlif mərhələlərdən keçir. Dəyişiklik hər zaman hisslərin zəifləməsi və ya münasibətlərin pisləşməsi demək deyil.
Partnyoru illər əvvəlki vəziyyətinə qaytarmağa çalışmaq əvəzinə, hər iki insanın maraq və ehtiyaclarının necə dəyişdiyini anlamaq daha faydalıdır.
6. “Yenə dostlarınla gedirsən?”
Hər bir insanın dostları ilə görüşmək, şəxsi maraqları ilə məşğul olmaq və tək qalmaq üçün özünə məxsus vaxtı olmalıdır.
Partnyorun hər addımını nəzarətdə saxlamaq və onun dostları ilə münasibətlərinə mane olmaq zamanla qarşılıqlı etimadı sarsıda bilər. Daha sağlam yol hər iki tərəfin həm birlikdə, həm də şəxsi həyatı üçün rahat zaman bölgüsü müəyyən etməsidir.
7. “Niyə sən heç vaxt xoşbəxt olmursan?”
Bu sual insanda elə təəssürat yarada bilər ki, o, öz emosiyalarına görə partnyoru qarşısında hesabat verməlidir. Xüsusilə stress və çətin həyat dövrlərində bu cür sözlər daha ağır qəbul oluna bilər.
Əgər yaxın insanınız özünü narahat və ya kədərli hiss edirsə, ondan sadəcə yaxşı əhval-ruhiyyədə olmasını tələb etmək əvəzinə, problemin səbəbini anlamağa çalışmaq daha doğrudur. Ona nə baş verdiyini və köməyə ehtiyacı olub-olmadığını sakit şəkildə soruşmaq münasibətləri möhkəmləndirə bilər.
Sağlam münasibətlərdə təkcə deyilən sözlər deyil, onların hansı şəkildə ifadə olunması da mühüm rol oynayır. İttiham və müqayisələr əvəzinə, konkret vəziyyətlər, şəxsi hisslər və istəklər haqqında danışmaq daha konstruktiv nəticə verir.
Sunay Aydın