Qədim yunanlar göydən düşən dəmirdən üzüklər taxırmış– Alimlər sübut etdi

Alimlər Yunanıstanda meteorit dəmirindən hazırlanmış ilk təsdiqlənmiş artefaktları aşkar ediblər. Söhbət Tunc dövründə Mino və Mikena sivilizasiyalarının elitasına məxsus olduğu ehtimal edilən qədim üzüklərdən gedir.

Tədqiqatın nəticələri Journal of Archaeological Science jurnalında dərc olunub.

Sorbonna Universitetinin Milli Təbiət Tarixi Muzeyindən Matie Qunel və Afina Milli və Kapodistriya Universitetindən Eleni Mantsurani eramızdan əvvəl XVIII-XIV əsrlər arasında hazırlanmış 13 üzüyü araşdırıblar.

Üzüklərin hamısı Kritdə və Yunanıstanın digər ərazilərində, o cümlədən kurqan tipli və kameralı məzarlarda, həmçinin Anemospilia məbədinin xarabalıqları arasında tapılıb.

Kimyəvi analiz nəticəsində 13 üzükdən 12-nin meteorit dəmirindən hazırlandığı müəyyən edilib.

Alimlər meteorit dəmirini filizdən əldə edilən dəmirdən onun tərkibindəki yüksək nikel miqdarına görə fərqləndirə biliblər. Dəmir meteoritlərinin əsas hissəsini planet cisimlərinin daxilində formalaşan dəmir və nikel ərintisi – kamasit təşkil edir.

Tunc dövründə “göydən gələn” metal

Meteorit dəmiri Tunc dövründə son dərəcə qiymətli hesab olunurdu. Həmin dövrdə dəmiri filizdən əridərək əldə etmək texnologiyası demək olar ki, tətbiq edilmirdi və bu metal olduqca nadir idi.

Bu səbəbdən göydən düşən meteoritdən birbaşa əldə edilə bilən dəmir böyük dəyərə malik idi.

Yunanıstanda belə tapıntıların nadir olmasının başqa səbəbi də coğrafiya ilə bağlıdır. Ölkənin böyük hissəsi dənizlə əhatə olunduğundan regiona düşən meteoritlərin bir çoxu suya düşə bilərdi.

Misirdə isə səhralar meteoritlərin qorunmasına və tapılmasına daha əlverişli şərait yaradırdı. Buna görə qədim Misirdə meteorit dəmirinin mənbələri daha çox olub.

Tədqiqatçılar hesab edirlər ki, Yunanıstanda istifadə olunan qiymətli xammal böyük ehtimalla ticarət yolu ilə gətirilirdi. Mümkün mənbələrdən biri Misir olub. Tunc dövründə Misirin ticarət əlaqələri Nil vadisindən çox uzaqlara – Şərqi Aralıq dənizinə, Anadoluya və Cənubi Avropaya qədər uzanırdı.

Meteoritdən hazırlanan üzüklər elitanın simvolu olub

Üzüklərin özləri də onların sahiblərinin yüksək sosial statusa malik olduğunu göstərir.

Onların bir çoxu qızılla örtülüb və qiymətli daşlarla bəzədilib. Bəzi üzüklər digər qiymətli əşyalarla birlikdə tapılıb.

Dendra bölgəsindəki məzarlardan birində belə iki üzük səkkizayaq təsviri ilə bəzədilmiş qızıl vazanın içərisində aşkar edilib.

Alimlərin fikrincə, meteorit dəmirindən hazırlanmış üzüklər hakimiyyət və nüfuz simvolu kimi istifadə edilmiş ola bilər.

Bu cür zinət əşyaları xüsusilə Mikena sivilizasiyasının ən yüksək inkişaf mərhələsini yaşadığı son Ellada dövründə populyar olub.

“Göydən gələn dəmir” niyə yoxa çıxdı?

Lakin meteorit dəmirindən hazırlanan zinət əşyalarının dəbi cəmi bir neçə əsr davam edib.

Tunc dövrünün sonlarına doğru, təxminən eramızdan əvvəl XII-XI əsrlərdə tərkibində yüksək miqdarda nikel olan dəmirdən istifadə kəskin şəkildə azalıb.

Bunun səbəbi isə hələlik məlum deyil.

Yeni araşdırma Şərqi Aralıq dənizində yüksək nikel tərkibli dəmirdən hazırlanmış əşyaların aşkar edildiyi arxeoloji məkanların sayını əvvəlki göstəricidən iki dəfədən çox artırıb.

Alimlər hesab edirlər ki, bu nəticələr meteorit dəmirinin Tunc dövrü Yunanıstanının mədəniyyətində əvvəl düşünüləndən daha böyük rol oynadığını göstərir.

Başqa sözlə, minlərlə il əvvəl bəzi insanlar üçün ən qiymətli metal yerin altından deyil, göydən gəlirdi.

Nadir

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.