Qadınlar iş yerində kişilərlə müqayisədə daha sıx dostluq qrupları formalaşdırır və mövcud əlaqələr vasitəsilə yeni insanlarla daha geniş ünsiyyət şəbəkəsi yaradırlar.
Bu nəticəyə Durham Universitetinin Biznes Məktəbinin alimləri gəlib. Araşdırmanın nəticələri Social Networks elmi jurnalında dərc olunub.
Tədqiqatçılar bir təşkilatda işə başladıqdan sonra ilk 10 ay ərzində təxminən 150 əməkdaşı müşahidə ediblər. İştirakçılar bu müddət ərzində dörd dəfə iş yerində qurduqları yeni dostluq əlaqələri barədə məlumat veriblər.
Araşdırma göstərib ki, qadınlar həmkarları ilə daha çox ortaq dostlar vasitəsilə tanış olur və yaxın münasibət qururlar. “Dostun dostu” prinsipi ilə yaranan belə əlaqələr xüsusilə qadınlar arasında geniş yayılır.
Nəticədə qadınların daha böyük və bir-biri ilə sıx bağlı dostluq şəbəkələri formalaşır.
Kişilər isə daha çox seçici, ikitərəfli münasibətlərə üstünlük verirlər. Digər kişilərlə dostluq əlaqələri bəzi hallarda şəxsi və ya peşəkar məqsədlərə çatmağa kömək edə biləcək münasibətlər üzərində qurulur.
Bu fərq karyeraya da təsir edə bilər
Tədqiqatçıların fikrincə, qadın və kişilərin iş yerində münasibət qurma tərzindəki fərqlər karyera imkanlarına da təsir göstərə bilər.
Qadınların dostluq şəbəkələri daha sıx və geniş olsa da, bu əlaqələr onlara nüfuzlu şəxslərə, resurslara və karyera yüksəlişinə kömək edə biləcək peşəkar əlaqələrə daha az çıxış verə bilər.
Bəzi kişilərin daha strateji xarakter daşıyan münasibətləri isə əlavə peşəkar üstünlüklər yarada bilər.
Bununla belə, iş yerində dostluğun əhəmiyyəti yalnız karyera ilə məhdudlaşmır.
Həmkarlar arasında yaxın münasibətlər əməkdaşların işə daha yüksək səviyyədə cəlb olunması, məhsuldarlığın artması və yeni ideyaların yaranması ilə əlaqələndirilir.
Alimlər hesab edirlər ki, şirkətlər əməkdaşların yalnız birbaşa işlədikləri həmkarları ilə deyil, təşkilatın digər üzvləri ilə də ünsiyyət qurması üçün daha çox imkan yaratmalıdır.
Bu, işçilərə həm emosional dəstək verən, həm də gələcəkdə peşəkar fayda yarada biləcək daha geniş əlaqələr qurmağa imkan verə bilər.
Aysu