Ukrayna Rusiyanın nəhəng neft zavodunu vurdu:Zavodda güclü yanğın başladı

Avqustun 28-nə keçən gecə Rusiyanın Yaroslavl şəhəri Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayevin sözlərinə görə, hücumdan sonra şəhərdən Moskva istiqamətində çıxan bəzi yollar bağlanıb, ictimai nəqliyyatın marşrutları dəyişdirilib və bir neçə uşaq bağçasının fəaliyyəti dayandırılıb.

Qubernator hücum nəticəsində hansı obyektlərin zərər gördüyünü və xəsarət alanların olub-olmadığını açıqlamayıb.

“ASTRA” teleqram kanalının təhlil etdiyi şahid fotoları və videolarına əsasən, hücum zamanı Rusiyanın iri neft emalı müəssisələrindən biri – “Yaroslavnefteorgsintez” (“Slavneft-YANOS”) zavoduna zərbə endirilib və ərazidə yanğın baş verib.

Müəssisə Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. Zavod ildə 15 milyon tona qədər neft emal etmək gücünə malikdir.

Müəssisədə “Avro-5” standartına uyğun benzin və dizel yanacağı, aviasiya kerosini, müxtəlif növ yağlar, bitum, mayeləşdirilmiş qaz və mazut istehsal olunur. “Yaroslavnefteorgsintez” “Slavneft” şirkətinə məxsusdur. Şirkət isə bərabər paylarla “Qazprom” və “Rosneft” tərəfindən idarə olunur.

Məlumata görə, zavod bu il artıq yeddi dəfə Ukrayna hücumlarının hədəfi olub. Əvvəlki hücumların 6 avqust, 16 iyul, 6 iyul, 22 may, 8 may, 26 aprel və 28 mart tarixlərində baş verdiyi bildirilir.

Rusiya neft zavodları ardıcıl hücumlara məruz qalır

Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindəki neft emalı müəssisələrinə hücumları son günlər də davam edib.

Avqustun 26-da pilotsuz uçuş aparatları Nijni Novqorod vilayətinin Kstovo şəhərində yerləşən “Lukoyl”un “Nijni Novqorodnefteorgsintez” zavodunu hədəfə alıb.

Bu müəssisə Rusiyanın neft emalı gücünə görə dördüncü, benzin istehsalına görə isə ikinci ən böyük zavodlarından biridir. Zavod ildə təxminən 15 milyon ton neft emal edə və 5 milyon ton benzin istehsal edə bilir. Müəssisə Moskva regionunun yanacaq təminatında da mühüm rol oynayır.

Avqustun 25-də isə Rostov vilayətindəki Novoşaxtinsk neft emalı zavodu PUA hücumundan sonra fəaliyyətini dayandırıb. Vilayət qubernatoru Yuri Slyusar zavodun işinin dayandırıldığını açıqlayıb.

Bu müəssisə Rusiyanın cənubundakı iri neft emalı zavodlarından biri və Rostov vilayətindəki yeganə neft emalı müəssisəsidir.

Bundan əvvəl Rusiyanın müxtəlif bölgələrində daha bir neçə neft və neft-kimya müəssisəsində emal prosesinin dayandırıldığı bildirilmişdi. Bunlar arasında “Lukoyl”un Perm neft emalı müəssisəsi, “Froteinvest” şirkətinin Orsk neft emalı zavodu, “Sibur”un “ZapSibNefteXim” müəssisəsi, “Rosneft”in Saratov zavodu və “Lukoyl”un Volqoqrad neft emalı zavodu da var.

Rusiyanın yanacaq bazarına təzyiq artır

Məlumata görə, 2026-cı ilin əvvəlindən Ukrayna PUA-ları Rusiyanın neft emalı zavodlarına 70 dəfədən çox hücum edib və nəticədə bir neçə onlarla müəssisənin fəaliyyəti pozulub. Bunun fonunda Rusiyada neft emalının həcminin 2002-ci ildən bəri ən aşağı səviyyələrdən birinə düşdüyü və yanacaq bazarında ciddi problemlərin yarandığı bildirilir.

Neft emalı zavodlarına hücumların davam etməsi Rusiyanın daxili yanacaq bazarına təzyiqi artırmaqla yanaşı, ölkənin neft məhsullarının ixrac imkanlarına da təsir göstərə bilər.

Yaroslavldakı son hücum isə xüsusilə diqqət çəkir. Çünki hədəfə alınan “Yaroslavnefteorgsintez” zavodu Rusiyanın ən iri yanacaq istehsalçılarından biridir və bu il artıq bir neçə dəfə PUA hücumlarının hədəfinə çevrilib.

Nadir

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.