Sənədsiz evlərə “pis xəbər”: Hansı halda rəsmiləşdirmək mümkün deyil? –RƏSMİ AÇIQLAMA

Azərbaycanda sənədsiz evlərin hamısının eyni hüquqi statusda olmadığı açıqlanıb. Bəzi evlərin legitim olmayan sənədləri olduğu halda, ümumiyyətlə heç bir sənədi olmayan və özbaşına tikilmiş yaşayış evləri də var.

Azpost.info bildirir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev APA-ya və “Xəzər” TV-yə müsahibəsində bildirib ki, özbaşına tikililər üç əsas meyar əsasında müəyyənləşdirilir.

Hansı evlər özbaşına tikinti sayılır?

Mətin Eynullayevin sözlərinə görə, birinci meyar tikinti üçün nəzərdə tutulmayan torpaq sahəsində tikilinin inşa edilməsidir.

İkinci halda isə tikinti üçün qanunvericiliklə tələb olunan lazımi icazələr alınmayıb.

Üçüncü meyar isə tikintinin mövcud norma və qaydalar pozulmaqla aparılmasıdır.

Xidmət rəisi qeyd edib ki, bu meyarlardan hər hansı birinin mövcud olması tikilinin özbaşına tikinti hesab edilməsi üçün əsasdır.

Belə evə mülkiyyət hüququ yaranırmı?

Mətin Eynullayev bildirib ki, qanunvericiliyə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ yaranmır.

Onun sözlərinə görə, Mülki Məcəllənin 180.1-ci maddəsində də bu məsələ açıq şəkildə göstərilib.

Lakin qanunda müəyyən istisna nəzərdə tutulur. Əgər tikinti aparılan torpaq sahəsi həmin şəxsin mülkiyyətindədirsə, bəzi hallarda məsələyə məhkəmə yolu ilə baxıla bilər.

Məhkəmə də hər evə “yaşıl işıq” yandıra bilməz

Torpağın şəxsin mülkiyyətində olması da özbaşına tikilinin avtomatik olaraq rəsmiləşdiriləcəyi anlamına gəlmir.

Mətin Eynullayevin sözlərinə görə, tikilinin rəsmiləşdirilməsi zamanı digər şəxslərin hüquq və qanuni maraqlarının pozulub-pozulmadığı, eləcə də tikilinin təhlükəsizliyi nəzərə alınır.

Əgər tikili insanların həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradırsa, belə obyektin rəsmiləşdirilməsi məhkəmə yolu ilə belə mümkün deyil.

Bu səbəbdən sənədsiz ev məsələsində təkcə “torpaq mənimdir” arqumenti kifayət etmir. Tikilinin hansı torpaqda, hansı icazələrlə və hansı tikinti norma və qaydalarına uyğun inşa edilməsi də onun hüquqi statusunu müəyyənləşdirən əsas amillərdəndir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.