Xameneyidən gözlənilməz çağırış:“Müharibə və danışıqlar qarşıdurması yaratmayın”

İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei ölkədə milli birlik və sosial həmrəyliyin qorunmasının vacibliyini vurğulayıb.

APA-nın məlumatına görə, Xamenei İran hökumətinin “Hökumət həftəsi” münasibətilə yayımladığı müraciətində cəmiyyətdə süni qarşıdurmaların yaradılmasına qarşı çıxıb.

Müharibə və ya danışıqlar, güzəşt və ya müharibə tərəfdarlığı kimi ikiləşdirmələrdən çəkinmək lazımdır”, – deyə İranın Ali Rəhbəri bildirib.

Xamenei sosial birliyə zərər vuran hər bir addımın yolverilməz olduğunu da vurğulayıb.

Sosial birliyə zərər vuran hər bir əməli qəti şəkildə qadağan edirəm”, – o qeyd edib.

Ali Rəhbər bütün məhdudiyyətlərə, o cümlədən sanksiya və mühasirəyə baxmayaraq, göstərdiyi fəaliyyətə görə İran hökumətinə təşəkkür edib.

Xamenei iqtisadi məsələlərə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib. O, daxili istehsala investisiya qoyuluşunun artırılmasını və yerli istehsalın daha fəal şəkildə dəstəklənməsini zəruri hesab edib.

Çıxışının davamında milli birlik və sosial həmrəyliyin ölkə üçün əsas məsələlərdən biri olduğunu bildirən Xamenei qeyd edib ki, mədəni, sosial, siyasi, təhlükəsizlik və iqtisadi sahələrdə həyata keçirilən bütün tədbirlər bu amil nəzərə alınmaqla planlaşdırılmalıdır.

Xameneinin son günlər milli birlik və daxili həmrəyliyi xüsusi vurğulaması İranın siyasi gündəmində diqqət çəkən əsas mövzulardan biridir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.