Bakı-Naxçıvan reysləri təxirə salındı– AZAL-dan açıqlama

Azərbaycan Hava Yollarının (AZAL) avqustun 29-na planlaşdırılan bir sıra Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər uçuşlarla bağlı mümkün dəyişikliklər barədə ətraflı məlumatlandırılacaqlar.

AZAL qeyd edib ki, Naxçıvanın coğrafi mövqeyi və dağlıq relyefi burada müşahidə olunan meteoroloji şəraitin uçuş əməliyyatlarına birbaşa təsir göstərməsinə səbəb ola bilər.

Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi təyyarələrin eniş və qalxması zamanı əlavə risklər yaradır.

Şirkətin açıqlamasında vurğulanıb ki, reysin təxirə salınması və ya ləğv edilməsi barədə qərar yalnız sərnişinin hava limanında müşahidə etdiyi hava şəraitinə əsasən qəbul edilmir.

Qərar verilərkən marşrut boyunca, həm qalxış, həm də eniş hava limanlarında mövcud və proqnozlaşdırılan meteoroloji şərait nəzərə alınır.

AZAL bildirib ki, belə meteoroloji hallar uçuşların təhlükəsizliyinə ciddi təsir göstərə bilər. Bu səbəbdən ekipaj və əməliyyat xidmətləri beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun olaraq müvafiq qərarlar qəbul edirlər.

Hava şəraitinin normallaşmasından sonra Bakı-Naxçıvan-Bakı istiqamətində uçuşların bərpa olunması nəzərdə tutulur.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.