“Şərq, Qərb, Şimal və Cənub yeni dünya nizamını razılaşdırmalı olacaq” –PUTİN

Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, gec-tez Şərq, Qərb, Şimal və Cənub ölkələri yeni dünya nizamının formalaşdırılması prinsipləri barədə razılığa gəlməli olacaqlar.

Putin bu barədə oktyabrın 1-də Moskva vilayətində keçirilən XXIII Beynəlxalq Valday Diskussiya Klubunun plenar sessiyasında çıxışı zamanı danışıb. 2026-cı il sessiyasının mövzusu “Gələcəyə görə məsuliyyət: mümkün olanın sərhədləri, yoxsa sərhədsiz imkanlar?” olub.

Rusiya liderinin sözlərinə görə, Valday Klubunda ənənəvi olaraq dünyanın ən aktual problemləri müzakirə edilir. Bu müzakirələrin məqsədi yalnız beynəlxalq münasibətlərin mövcud vəziyyətini qiymətləndirmək deyil, həm də formalaşmaqda olan yeni dünya düzəninin konturlarını müəyyənləşdirməkdir.

Putin bildirib ki, klubun illər ərzində topladığı birbaşa və etimadlı dialoq təcrübəsi, eləcə də onun “intellektual baqajı” gələcək beynəlxalq danışıqlarda tələb oluna bilər.

“Hamımızın – Şərqin və Qərbin, Şimalın və Cənubun – gec-tez bəşəriyyətin qarşıdakı onilliklər ərzində tərəqqisini və inkişafını təmin edə biləcək yeni dünya nizamının formalaşdırılması prinsipləri barədə razılaşması lazım gələcək”, – Putin deyib.

Valday Klubunun 2026-cı il toplantısında müxtəlif ölkələrdən təxminən 120 iştirakçının, o cümlədən ABŞ, Çin, Hindistan və Avropa dövlətlərinin nümayəndələrinin iştirak etdiyi bildirilib.

Putinin çıxışı zamanı dünya siyasəti, beynəlxalq təhlükəsizlik, iqtisadiyyat və gələcək qlobal münasibətlər sistemi ilə bağlı bir sıra digər məsələlər də müzakirə olunub.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.