“Dünyəvi dövlət olmaq dini dəyərlərin inkarı demək deyil”- Deputat

“Məktəblərdə məktəbli forması və xarici görünüşlə bağlı ümumi tələblərin yalnız hicab məsələsi ilə əlaqələndirilməsi düzgün yanaşma deyil. Çünki burada söhbət ayrı-ayrı geyim elementlərindən deyil, dövlət ümumi təhsil müəssisələrində vahid qaydaların tətbiqindən, məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsindən və dünyəvi təhsil mühitinin qorunmasından gedir”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Müşfiq Məmmədli bildirib.

Onun sözlərinə görə, məktəb uşaqların bilik qazandığı, dünyagörüşünün formalaşdığı, milli və ümumbəşəri dəyərlərə yiyələndiyi mühüm ictimai institutdur:

“Buna görə də məktəbdə müəyyən edilmiş geyim qaydaları bütün şagirdlərə eyni prinsiplərlə tətbiq edilməli, sosial və maddi fərqlərin ön plana çıxmasının qarşısı alınmalıdır. Vahid məktəbli forması şagirdlər arasında bərabərlik hissini gücləndirir, məktəbə mənsubluq və kollektiv məsuliyyət anlayışını formalaşdırır”.

M.Məmmədli qeyd edib ki, Azərbaycanın dünyəvi dövlət olması dini dəyərlərin inkarı anlamına gəlmir:

“Ölkəmizdə dini-mənəvi irsin qorunmasına, məscidlərin və dini abidələrin bərpasına, dini icmaların fəaliyyətinə dövlət səviyyəsində diqqət göstərilir. Dini etiqad azadlığı Konstitusiyamızın və qanunvericiliyimizin əsas təminatlarından biridir. Bununla yanaşı, dünyəvi təhsil mühitində ümumi qaydaların mövcudluğu da dövlət siyasətinin və təhsil idarəçiliyinin mühüm tərkib hissəsidir. Burada əsas məsələ dini inanclara münasibət deyil, qanunvericiliklə müəyyən edilmiş geyim tələblərinin mahiyyətidir”.

Deputatın fikrincə, məktəblərdə geyim qaydalarının tətbiqi zamanı uşaqların hüquqları və mənafeləri də diqqət mərkəzində saxlanılmalıdır:

“Uşaqların hüquqları, onların şəxsiyyət kimi sərbəst formalaşması və hər hansı dini, ideoloji təsirə məcbur edilməməsi diqqət mərkəzində olmalıdır. Bu yanaşma həm valideynlərin hüquqlarına, həm də uşaqların mənafelərinə hörmət əsasında həyata keçirilməlidir”.

M.Məmmədli müəllimlərin geyiminə dair tələblərin də məktəbdə ümumi qaydaların və peşəkar mühitin formalaşdırılması baxımından əhəmiyyətli olduğunu bildirib:

“Müəllim məktəbdə yalnız bilik verən şəxs deyil, həm də davranışı, ünsiyyəti və peşəkar görünüşü ilə şagirdlərə nümunə olan insandır. Buna görə müəllimlər üçün sadə, səliqəli və işgüzar geyim standartlarının müəyyənləşdirilməsi təhsil mühitinin keyfiyyətinə xidmət edir”.

Deputat vurğulayıb ki, məktəbli forması ilə bağlı məsələlər dini qarşıdurma müstəvisində deyil, hüquqi normalar və təhsilin dünyəvilik prinsipi çərçivəsində müzakirə olunmalıdır:

“Düşünürəm ki, bu məsələni süni şəkildə dini qarşıdurma müstəvisinə keçirmək əvəzinə hüquqi normalar, təhsilin dünyəvilik prinsipi və uşaqların mənafeləri çərçivəsində müzakirə etmək lazımdır. Məqsəd kiminsə dini etiqadını hədəfə almaq deyil, məktəbdə hamı üçün aydın, bərabər və vahid qaydaların təmin edilməsidir. Cəmiyyətimiz bu məsələyə qarşılıqlı hörmət, sağlam düşüncə və dövlətçilik məsuliyyəti ilə yanaşmalıdır”.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.