Sağlam oynaqlar ağrısız və sərbəst hərəkət etməyə imkan verir. Lakin artıq oynaqlarda narahatlıq hiss edirsinizsə, rasionunuza antioksidant və iltihabəleyhinə maddələrlə zəngin qidalar əlavə etmək vəziyyətə müsbət təsir göstərə bilər.
Bu barədə qeydiyyatdan keçmiş dietoloq, magistr Kerri Konlon (Good Gut Nutritionist) məlumat verib.
Mütəxəssislər oynaqların sağlamlığını qorumağa kömək edə biləcək altı qidanı sadalayıblar.
1. Yağlı balıqlar
Qızılbalıq, skumbriya və sardina oynaqların sağlamlığını qorumaq üçün əla seçimdir.
Konlonun sözlərinə görə, oynaq problemləri çox vaxt iltihabla əlaqəli olur. Yağlı balıqlar iltihabəleyhinə təsirə malik omeqa-3 yağ turşuları ilə zəngindir. Onların tərkibində kalsiumun düzgün mənimsənilməsi üçün vacib olan D vitamini də var.
Kalsium çatışmazlığı oynaq ağrılarına, əzələ spazmlarına və osteoporoz da daxil olmaqla sümük problemlərinə səbəb ola bilər.
2. Yarpaqlı tərəvəzlər
Kələm və ispanaq iltihabı azaltmağa, sümükləri möhkəmləndirməyə kömək edən faydalı mikroelementlərin mənbəyidir.
Qeydiyyatdan keçmiş dietoloq Rayan Qeyger bildirir ki, oynaqların sağlam qalması üçün onların birləşdiyi sümüklərin də möhkəm olması vacibdir.
Yarpaqlı tərəvəzlər kalsium və sümük sağlamlığında mühüm rol oynayan K vitamini ilə zəngindir. Mütəxəssislər bu tərəvəzləri zeytun yağı kimi mono doymamış yağlarla birlikdə qəbul etməyi tövsiyə edirlər. Bu, K vitamininin mənimsənilməsini yaxşılaşdıra və iltihabın azalmasına kömək edə bilər.
3. Giləmeyvələr
Çiyələk, qaragilə, moruq və böyürtkən oynaq sağlamlığı üçün faydalı məhsullar hesab olunur. Onlar C vitamini və güclü iltihabəleyhinə xüsusiyyətlərə malik antosianinlərlə zəngindir.
C vitamini sümükləri, qığırdaqları və bağları möhkəmləndirən kollagenin istehsalına kömək edir.
Konlonun sözlərinə görə, kollagen oynaqların quruluşunu və dayanıqlığını təmin edir, onları zədələnmələrdən qorumağa kömək edir.
Mütəxəssis gündə yarım stəkanla bir stəkan arasında giləmeyvə yeməyi tövsiyə edir.
4. Əncir
Əncir oynaq sağlamlığından danışarkən çox vaxt diqqətdən kənarda qalan məhsullardandır.
Dietoloq Rayan Qeygerin sözlərinə görə, quru əncirin tərkibindəki kalsiumun miqdarı bir porsiya süddəki kalsium qədər ola bilər.
Yarım stəkan quru əncir təxminən 120 milliqram kalsium təmin edir. Bundan əlavə, əncir sümük və oynaq sağlamlığını dəstəkləyən maqnezium və kaliumla da zəngindir.
5. Qoz
Qoz oynaq ağrıları ilə əlaqəli iltihabın azalmasına kömək edə biləcək məhsullardandır.
Onun tərkibində alfa-linolen turşusu (ALA) adlı omeqa-3 yağ turşusu var. Bu maddə iltihabı və oynaq ağrıları ilə əlaqələndirilən oksidləşdirici stressi azaltmağa kömək edir.
Cəmi 28 qram qoz orqanizmi təxminən 2,5 qram bu faydalı yağ turşusu ilə təmin edir.
6. Kələmkimilər
Kələm, brokoli, Brüssel kələmi və gül kələmi K vitamininin zəngin mənbələridir. Bu vitamin sağlam sümüklərin və qığırdaqların formalaşmasına kömək edir.
Bu tərəvəzlərin tərkibində həmçinin iltihabəleyhinə və antioksidant xüsusiyyətlərə malik qlükozinolatlar var.
Dietoloq və Dietitian Insights platformasının yaradıcısı Kelsi Kosta bildirir ki, antioksidantlar oynaqları sərbəst radikalların yaratdığı zədələnmələrdən qoruyur və osteoartritin irəliləməsinin qarşısını almağa kömək edə bilər.
Mütəxəssislərin fikrincə, bu qidaların gündəlik rasiona daxil edilməsi oynaq sağlamlığının qorunmasına və iltihab proseslərinin azalmasına dəstək ola bilər.
Sunay
