ABŞ-da aralıq seçkilərin nəticələri bir sıra nazirlərin və Ağ Evin yüksək vəzifəli əməkdaşlarının siyasi karyerasını sual altına qoyub.
Bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, risk altında olan şəxslər arasında müharibə naziri Pit Heqset, dövlət katibi Marko Rubio və vitse-prezident Cey Di Vens də var.
Heqsetin vəzifəsini itirmək təhlükəsi ilə üzləşməsinin əsas səbəbi onun ABŞ və İran arasındakı hərbi münaqişənin “əsas siması” hesab edilməsidir. Bundan başqa, nazirlikdə apardığı kadr təmizləmələri və Konqreslə yaşadığı münaqişələr, o cümlədən Respublikaçılar Partiyasından olan həmkarlarının bir qisminin ona qarşı mövqe tutmasına səbəb olub.
“Financial Times”ın risk altında olan digər şəxslər siyahısına vitse-prezident Cey Di Vens də daxildir. O, əvvəllər 2028-ci ildə ABŞ prezidentliyinə namizəd olmaq üçün əsas favoritlərdən biri hesab edilirdi. Lakin seçkilərin nəticələrindən sonra Vens açıq şəkildə Ağ Evdən məsafə saxlamağa başlayıb.
Siyahıda dövlət katibi Marko Rubionun da adı çəkilir. Onun 2028-ci il prezidentlik kampaniyasına hazırlaşmaq üçün vəzifəsindən ayrılacağı barədə şayiələr dolaşır.
“Financial Times” ABŞ-da qiymətlərin və ipoteka faizlərinin artması səbəbindən maliyyə naziri Skott Bessentin, həmçinin səhiyyə islahatının Respublikaçılara seçkilərdə kömək etməməsi səbəbindən səhiyyə naziri Robert Kennedi kiçiyin də mövqelərinin zəiflədiyini qeyd edir.
Qəzet Ağ Evin aparat rəhbəri Syuzan Uaylsın da çətin vəziyyətə düşdüyünü yazır. Belə ki, o, müharibə, inflyasiya və Vaşinqtonun abadlaşdırılması layihələri ilə bağlı məlumatların yayılmasını nəzarətdə saxlaya bilməyib. Artıq onun istefasını tələb edən çağırışlar səslənir.
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın vitse-prezidenti Cey Di Vens İrana qarşı hərbi əməliyyatların aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətinin əsas səbəblərindən biri olduğunu bildirmişdi. Seçkilərin nəticəsində partiya Konqresin hər iki palatasında çoxluğu itirib.
N.Talıblı
