Rusiya hərbçiləri noyabrın 20-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib.
Kiyev meri Vitali Kliçkonun məlumatına görə, hücum nəticəsində 3 nəfər həlak olub, daha 15 nəfər yaralanıb. Yaralılardan 7-si xəstəxanaya yerləşdirilib.
Zərbənin əsas hədəfləri Dnepr çayı üzərindəki üç körpü – Podolsko-Voskresenski, Darnitski və Cənub körpüləri olub. İlk körpüdə hərəkət tamamilə bağlanıb, digər ikisində isə məhdudlaşdırılıb.
Kliçko paytaxtın sağ və sol sahilləri arasında nəqliyyatın hərəkətində ciddi çətinlik yarandığını bildirərək sakinləri zəruri ehtiyac olmadıqca şəxsi avtomobillərdən istifadə etməməyə çağırıb.
Mer raket hücumunun davam etdiyini qeyd edib. Onun sözlərinə görə, körpülərə dəymiş ziyanın miqyasını yalnız hava hücumu xəbərdarlığı başa çatdıqdan sonra qiymətləndirmək mümkün olacaq.
Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına əsasən, hücum nəticəsində şəhərin üç rayonunda yanğınlar baş verib, kritik infrastruktur obyektlərindən biri zərər görüb. Elektrik təchizatında yaranan problem səbəbindən bir neçə rayonda trolleybusların hərəkəti dayanıb.
Həmin gecə Lvov, Xarkov, Zaporojye və Dnepropetrovsk vilayəti də hücuma məruz qalıb.
Xarkov meri İqor Terexov pilotsuz uçuş aparatının xəstəxanaya zərbə endirdiyini bildirib. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Zaporojyedə dron tramvaya düşüb, bir qadın yaralanıb. Dnepropetrovsk vilayətinin Joltıye Vodı şəhərində isə 5 nəfər xəsarət alıb.
Rusiya Müdafiə Nazirliyi isə Kiyevdə və Ukraynanın beş vilayətində hərbi-sənaye kompleksi müəssisələrinin, anbarların, enerji və nəqliyyat infrastrukturu obyektlərinin vurulduğunu açıqlayıb.
Xatırladaq ki, bundan bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Krım körpüsünə endirdiyi zərbələrə cavab veriləcəyini bildirmişdi. O, Rusiyanın cavab tədbirlərinin Kiyevin körpüyə qarşı həyata keçirdiyi hücumlardan “daha ağrılı” olacağını demişdi.
N.Talıblı
