Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı həyata keçirərək işğal altında olan torpaqlarımızı qısa müddət ərzində düşməndən azad edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ali Baş Komandanın dəmir iradəsi, əyilməz qətiyyəti, xalqımızın birliyi və şanlı Ordumuzun şəxsi heyətinin şücaəti nəticəsində 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatıb.
Hazırda Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında olan, tam dağıdılmış, viran edilmiş, heç bir infrastrukturun olmadığı və minalanmış ərazilərdə, yeni yerlərdə dislokasiya olunur. Digər dövlət qurumları ilə bərabər Müdafiə Nazirliyinin rəhbərliyi də bu ərazilərdə yerləşdirilən hərbi hissələrin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində planlı və məqsədyönlü fəaliyyət göstərir.