ABŞ-da üzərində xalları olmayan zürafə doğulub –FOTO

ABŞ-ın Tennessi ştatındakı “Brights Private” Zooparkında üzərində xalları olmayan zürafə balası dünyaya gəlib.

Azpost.info bildirir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

6 fut (təxminən 2 metr) uzunluğunda olan dişi zürafə iyulun 31-də anadan olub. Amma heyvanı cəmi bir ay sonra ictimaiyyətə təqdim etmək qərara alınıb. Zoopark mütəxəssislərinin fikrincə, bu, planetdə eyni rəngə malik olan yeganə zürafədir.

Adətən zürafələr vəhşi təbiətdə onları yırtıcılardan gizlətməyə kömək edən fərdi xal dəsti ilə doğulur. Bu ləkələr həmçinin termo-tənzimləmə prosesində kömək edir. Zooparkın direktoru Toni Briqt belə bir zürafənin doğulmasının zürafə populyasiyasının azalması ilə bağlı problemə  qlobal diqqəti cəlb etməyə kömək edəcəyini söyləyib.

Sonuncu dəfə belə hal 1972-ci ildə Tokioda qeydə alınıb.

Zürafələrin Mühafizəsi Fondunun direktoru Stefani Fennessi bildirib ki, son üç onillikdə vəhşi zürafə populyasiyasının təxminən 30%-i yoxa çıxıb. 1980-ci illərdə Afrikada təxminən 155.000 zürafə var idisə, bu gün onların sayı 117.000-ə yaxındır.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.