ABŞ-ın Corciya ştatında Trampla bağlı cinayət işi açılıb

ABŞ-ın Corciya ştatında prokurorlar keçmiş prezident Donald Trampın prezident seçkisi nəticələrinin ləğv edilməsi üçün göstərdiyi cəhdlərlə bağlı cinayət işi açıblar.

Bu barədə ABŞ mediası fevralın 10-da xəbər verib.

Ştatın sahə prokurorlarından birinin başlatdığı bu təhqiqat Trampın Corciya dövlət katibi Bred Raffenspergerə telefon zəngindən qaynaqlanır.

Həmin telefon danışığında keçmiş prezident dövlət katibinə ştatda keçirilmiş seçki nəticələrinin ləğv edilməsi üçün açıq təzyiq göstərmişdi.

Bu telefon danışığının səs yazısı Washington Post qəzetində yanvarın 3-də dərc edilmişdi.

Səs yazısında Tramp dövlət katibini onun qələbəsi üçün çatışmayan səsləri “tapmağa” məcbur edirdi.

Fulton sahəsinin prokuroru Fani Uillis, tərtib etdiyi cinayət işinə dair məktubda bu məsələni “son dərəcə mühüm” adlandırır.

The New York Times qəzetinin yazdığına görə, Tramp Raffenspergerdən başqa, respublikaçı qubernator Brayan Kempə də zəng edib.

Bu telefon danışığında Tramp qubernatordan ştatda keçirilmiş seçkinin nəticələrinin ləğvi üçün qanunvericilik orqanının xüsusi sessiyasının çağırılmasını tələb etmişdi.

Tramp habelə ştat müstəntiqlərindən seçki nəticələrində “fırıldaq tapmağı” tələb edirdi.

Corciya keçmiş prezident Donald Trampın 3 noyabr seçkisinin nəticələrini mübahisələndirdiyi bir neçə ştatdan biri di.

Bu ştatda səslərin, biri əllə olmaqla iki dəfə sayılmasından sonra indiki prezident Co Bayden qalib elan edilib.

Trampın sözü gedən telefon zəngləri ştatın qanunlarına görə qeyri-legitim hesab oluna bilər.

Bu qanunlar onları pozanlar üçün həbsxana cəzası da nəzərdə tutur.

Corciya ştatında başlanmış cinayət təhqiqatı Trampın Senatda ikinci impiçment mühakiməsi ilə eyni vaxta təsadüf edir.

Tramp yanvarın 6-da qaragüruhun Senata basqınındakı roluna görə ittiham olunur.

Nyu York prokurorları da Trampın biznesi ilə bağlı cinayət və mülki təhqiqat işinə başlayıblar. (Azadlıq Radiosu)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya hərbçiləri son 30 ildə ilk dəfə Avropadakı tədbirdən imtina ediblər

Sonrakı məqalə

Almaniya Belarus müxalifətçilərinə sığınacaq verəcək