ABŞ-ın maliyyə naziri Skott Bessent Çin ilə ticarət müzakirələrinin bir qədər dalana dirəndiyini bildirərək, prezident Donald Tramp və Çin lideri Si Szinpinin prosesə daxil ola biləcəyini bəyan edib.
Valyuta.az xəbər verir ki, nazir “Fox News” kanalının Pekin ilə aparılan ticarət danışıqları ilə bağlı sualına “Bir qədər dayanmışıq deyə bilərəm” cavabını verib.
“Gələcək bir neçə həftə ərzində onlarla daha çox görüş keçirəcəyimizi düşünürəm və bir nöqtədə prezidentlə Çin Kommunist Partiyasının baş katibi Si arasında telefon danışığının baş tutması mümkündür”, deyə Bessent bildirib.
Dünyanın iki ən böyük iqtisadiyyatı arasında Cenevrədə yüksək səviyyəli rəsmilər arasında aparılan danışıqlardan sonra, tərəflər sürpriz şəkildə 90 gün müddətində qarşılıqlı tarifləri dayandırmaq barədə razılığa gəliblər.
12 may tarixində imzalanan razılaşmaya əsasən, Vaşinqton administrasiyası Çindən idxal olunan məhsullara tətbiq edilən gömrük rüsumunu müvəqqəti olaraq 145 faizdən 30 faizə endirməyə razılaşıb. Eyni şəkildə, Çin də ABŞ məhsullarına tətbiq etdiyi idxal vergisini 125 faizdən 10 faizə endirəcəyini açıqlayıb.
“Danışıqların miqyası və mürəkkəbliyini nəzərə alaraq, hər iki liderin bir-biri ilə fikir mübadiləsi aparmasının vacib olduğunu düşünürəm”, deyə Bessent bildirib.
Maliyyə naziri sözlərinə belə davam edib: “Çin ilə çox yaxşı münasibətlərimiz var və prezident Tramp öz mövqeyini ortaya qoyduqda, çinlilərin danışıqlar masasına əyləşəcəyinə əminəm”.