ABŞ hakimiyyəti ölkənin ən iri banklarına tətbiq edilən sərt tənzimləyici qaydaları yumşaltmağı planlaşdırır. Bu barədə “Politico” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
AzPost xəbər verir ki, söhbət 2008-ci il qlobal maliyyə böhranından sonra sərtləşdirilən kapital adekvatlığı tələblərindən gedir. Bildirilir ki, bu, Tramp dövründə təyin olunan tənzimləyicilərin həyata keçirəcəyi ilk iri bank islahatı olacaq.
Nəşrin məlumatına görə, yeni siyasət iqtisadi artımı sürətləndirmək məqsədi daşıyır. Tənzimləyicilər hesab edir ki, sərt qaydaların yumşaldılması iri bankların daha çevik fəaliyyət göstərməsinə və kreditləşmənin artmasına səbəb olacaq.
Mənbələrin bildirdiyinə görə, bu addım ABŞ bank sistemində 2008-ci ildən bəri tətbiq olunan nəzarət rejiminin yumşaldılması istiqamətində sonuncu və ən böyük dəyişikliklərdən biri olacaq.
Federal Ehtiyat Sistemi (FED), Federal Əmanətlərin Sığortalanması Korporasiyası və Valyuta Nəzarəti İdarəsi artıq bu islahat paketi üzərində işləyir. Sənədin yaxın həftələrdə ictimaiyyətə təqdim olunması gözlənilir.
Ekspertlər isə bildirirlər ki, bu qərar həm ABŞ maliyyə bazarında, həm də beynəlxalq maliyyə sistemində ciddi təsirlərə səbəb ola bilər. Bir çox analitiklər qaydaların yüngülləşdirilməsinin riskləri artıracağını və yeni maliyyə böhranı təhlükəsi yaradacağını qeyd edirlər.