ABŞ Konqresindən Ermənistanı qorxuya salan addım-

Qarabağ köçkünlərinin hesabatını hazırlayır
21 İyul 2020 - 15:18

ABŞ-dakı erməni lobbisinin 2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” (National Defense Authorization Act – NDAA) layihəsinə düzəlişlərin daxil edilməsi istiqamətində səyləri nəticəsiz qalıb.

“Report” xəbər verir ki, bu proses çərçivəsində, Azərbaycana dəstək verən bir sıra Konqres üzvləri də öz növbəsində Ermənistan əleyhinə iki düzəliş irəli sürüblər.

Qeyd edilən düzəlişlərin müzakirəsi məqsədi ilə iyulun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsinin iclası keçirilib.

Konqres üzvü Stiv Kohen tərəfindən 99 saylı düzəliş, habelə Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birlikdə bir neçə postsovet ölkələrində işğal olunmuş ərazilərdən köçkün düşmüş və o ərazilərdə qətlə yetirilmiş həmin ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim edilməsi barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub.

Bu düzəlişdə işğal olunmuş ərazilərdən köçkün düşmüş və həlak olmuş əhali barədə məlumatların ABŞ Dövlət və Müdafiə departamentləri tərəfindən birgə hesabatın Konqresə təqdim edilməsi nəzərdə tutulur.

Erməni lobbisinin səylərinə baxmayaraq, iclas zamanı, Kaliforniya ştatını təmsil edən qatı ermənipərəst Konqres üzvü Bred Şerman tərəfindən ölkəmiz əleyhinə irəli sürülmüş “Mülki aviasiyaya təhdid olmadığı barədə Prezident tərəfindən Konqresə təminat verilənə qədər ABŞ tərəfindən Azərbaycana müdafiə məhsulları və xidmətlərinin qadağan olunmasına” dair 66 saylı və Kaliforniyanı təmsil edən erməni əsilli Cəki Spiir tərəfindən “333-cü bölmə çərçivəsində xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı üzrə Azərbaycan və Ermənistan arasında yardımlara dair paritet tətbiq edilməsi” barədə 330 saylı (məlum olduğu kimi, son iki ildə Azərbaycana bu proqram çərçivəsində 110 milyon ABŞ dolları yardım göstərilsə də, Ermənistana yardım ayrılmamağı onların ciddi narazılığına səbəb olub və bu düzəliş irəli sürülmüşdü) düzəlişlər qəbul edilməyib. Beləliklə, bu uğursuzluq erməni lobbisinin və xüsusilə də, Daşnak Partiyasını təmsil edən Amerikanın Erməni Milli Komitəsinin (ANCA) ciddi çaşqınlığına və məyusluğuna səbəb olub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu günkü mətbuat konfransında bunu “çox önəmli bir düzəliş” adlandırıb.

“Söhbət Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə Katibliyi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması düzəlişindən gedir. Burada vacib məqamlar hansılardır? Düzəlişdə Azərbaycan da daxil olmaqla, digər 3 ölkədə ərazilərin qeyri-qanuni işğalı faktı təsdiqlənir. İşğal olunmuş ərazilərdə köçkün düşmüş və həmin ərazilərdə həyatını itirmiş vətəndaşlar barədə məlumatın hazırlanaraq Müdafiə Departamenti ilə birlikdə Konqresə təqdim olunmasından gedir. Burada söhbət Konqresin Nümayəndələr Palatasının qəbul etdiyi düzəlişdən gedir. Proses hələ davam edir. İndiki mərhələdə bu düzəlişin bizim üçün əhəmiyyəti çox böyükdür. Çünki burada Azərbaycanın ərazilərinin işğal olunması faktı təsdiq olunur”, – deyə XİN rəsmisi vurğulayıb.