ABŞ səfirliyi Milli Şuranın aksiyası ilə bağlı bəyanat verdi

21 Oktyabr 2019 - 19:32

Amerika Birləşmiş Ştatların Azərbaycandakı Səfirliyi Milli Şuranın 19 oktyabrda keçirilmiş aksiyası ilə bağlı bəyanat yayıb.

Azpost.info Turan-a istinadən bildirir ki, ABŞ səfirliyi Avropa Birliyinin bəyanatına dəstək verərək oktyabrın 19 keçirilən dinc etiraz aksiyasının dağıdılması, həmçinin aksiya iştirakçılarının və müşahidə edən insanların həbs edilməsi üçün polis tərəfindən göstərilən zorakılığı pisləyib: “Biz hökuməti polis zorakılığına dair yayılan məlumatları araşdırmağa, aidiyəti olan şəxsləri məsuliyyətə cəlb etməyə və həbsdə olan şəxlərin tezliklə azadlığa buraxılması təmin etməyə çağırırıq”.

Bəyanatda deyilir ki, insanların azad şəkildə toplaşaraq fikirlərini bildirmək hüququnun təminatı güclü cəmiyyətin zəminini təşkil edir: “Hökumətin səhər mərkəzinə yaxın olan ərazilərdə dinc nümayişlərin keçirilməsinə ardıcıl olaraq qadağa qoyması və ya fikirlərini bildirmək isləyən vətəndaşlara qarşı zorakılıq tətbiq etməsi kimi atdığı addımlar insanların sözügedən hüquqdan yararlanmasına maneə törədir və Azərbaycanı zəiflədir. Etiraz aksiyaları zamanı internetdən istifadə imkanlarını məhdudlaşdırmaq Azərbaycanın maraqlarını qorumur əksinə Azərbaycanın imkanlarını məhdudlaşdırır. Toplaşmaq və söz azadlıqları Azərbaycanın konstitusiyası tərəfindən təmin olunan fundamental azadlıqlardır və biz hökuməti sözügedən azadlıqları təmin etməyə və qorumağa çağırırıq.

Birləşmiş Ştatlar Azərbaycan hökuməti və xalqı ilə apardığı tərəfdaşlığı yüksək qiymətləndirir və xalqlarımızın bəhrələnməsinə qulluq edən məsələlərə dair dialoqun dərinləşməsinə ümid edir”.