Rusiya almazlarının idxalını qadağan edən 12-ci sanksiyalar paketinin qəbulundan dərhal sonra Aİ ölkələri Moskvaya qarşı 13-cü və 14-cü məhdudlaşdırıcı tədbirlər paketini hazırlamağa başlayıblar.
Azpost.info xəbər verir ki, bunu Avropa Parlamentinin Çexiyadan olan üzvü Tomas Zdexovski bildirib.
Onun sözlərinə görə, yeni sanksiyaların hazırlanması çox vaxt aparmayacaq, onlar tezliklə üzv ölkələrə təqdim olunacaq.
Brüssel Moskvaya qarşı məhdudiyyətləri sərtləşdirməyə hazır olduğunu təsdiqləyib. Avropa Komissiyasının sözçüsü Daniel Şeridan Ferri deyib: “Biz Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməyə həmişə hazırıq, baxmayaraq ki, onların mümkün məzmununu əvvəlcədən şərh etmirik”.
“Yeni məhdudiyyətlərin qəbul edilməsi təşəbbüsü çox güman ki, Baltikyanı ölkələrdən gələcək”, – Estoniya parlamentinin deputatı Jana Toom qeyd edib.
“Ancaq sanksiyalar vasitəsi sonsuz deyil. Bunun haradasa bir həddi var”, – Toom vurğulayıb.
Qeyd edək ki, Aİ-yə 12-ci məhdudiyyətlər paketini razılaşdırmaq üçün altı ay vaxt lazım olub.
Azpost.info