Alimlər insanın naməlum əcdad növünün qalıqlarını aşkar etdilər

Alimlər insan təkamülü ilə bağlı mühüm kəşf etdiklərini açıqlayıblar. AzPost bildirir ki, Cənubi Afrikada tapılan və “Little Foot” (“Balaca ayaq”) adı ilə tanınan qədim hominin skeleti əvvəl düşünüləndən tamamilə fərqli, indiyədək elmdə qeydə alınmamış yeni bir insan əcdadı növünə aid ola bilər.

2017-ci ildə ictimaiyyətə təqdim olunan “Little Foot” bu günə qədər aşkar edilmiş ən tam avstralopitek skeleti hesab olunur. Qalıqların ilk hissəsi – ayaq sümükləri 1994-cü ildə aşkarlanıb və bundan sonra Sterkfonteyn mağaralar sistemində 20 ildən artıq davam edən çətin qazıntılar aparılıb.

Tapıntının növü ilə bağlı alimlər arasında uzun müddətdir mübahisə gedirdi. Paleantropoloq Ronald Klark skeleti Australopithecus prometheus növünə aid etsə də, bəzi tədqiqatçılar onun 1925-ci ildə təsvir edilmiş Australopithecus africanus olduğunu düşünürdülər. Lakin yeni araşdırma bu iki ehtimalı da sual altına alıb.

Amerika Bioloji Antropologiya Jurnalında dərc olunan tədqiqatda avstraliyalı alimlər “Little Foot”un morfoloji xüsusiyyətlərinin hər iki növdən əhəmiyyətli dərəcədə fərqləndiyini bildiriblər. Araşdırmaya rəhbərlik edən Melburn La Trob Universitetinin alimi Cessi Martin bildirib ki, skelet nə promethius, nə də afrikalı avstralopiteklərə uyğun gəlir.

Alimlərin sözlərinə görə, əsas fərqlər kəllənin alt hissəsində müşahidə olunur. Bu nahiyə təkamül baxımından daha sabit hesab edildiyi üçün burada aşkar edilən fərqlər adətən ayrı bioloji növlərə işarə edir. Xüsusilə kəllənin arxa hissəsindəki daha uzun oksipital səth diqqət çəkən əlamətlər sırasındadır.

Tədqiqatçılar hesab edirlər ki, bu tapıntı insanın nəsil ağacında indiyədək məlum olmayan tamamilə yeni bir qolun mövcudluğunu göstərə bilər. Bununla belə, alimlər hələlik skeletin rəsmi şəkildə yenidən təsnif edilmədiyini və yeni növün adlandırılmasının uzun illər qazıntı aparan əsas tədqiqat qrupu tərəfindən edilməsinin daha düzgün olacağını vurğulayırlar.

Qeyd edək ki, “Little Foot”un yaşı ilə bağlı da elmi mübahisələr davam edir. Bəzi araşdırmalara görə skeletin yaşı 3,67 milyon il, digər alimlərin fikrincə isə maksimum 2,8 milyon il ola bilər. Bu isə tapıntının insan təkamülündəki yerini daha da mürəkkəbləşdirir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.