Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanına səfəri hansı mesajları daşıyır? –TƏHLİL

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanına səfəri bir sıra məqamlarına görə diqqət çəkir.

Azərbaycanla Krallıq arasında dostluq münasibətləri hər iki ölkənin ümumi mənafelərinə cavab verir. Nufuzlu beynəlxalq təşkilatlarda Səudiyyə Ərəbistanı Azərbaycanın maraqlarını daim müdafiə edib.  Bu müstəvidə dini əlaqələrdə əməkdaşlıq da problemsizdir.

Azpost.info bildirir ki, bu barədə Modern.az-da QMİ sədrinin Səudiyyə Krallığına səfərinə dair təqdim olunmuş təhlilində  qeyd olunur.

Yazıda vurğulanır ki, hər il Azərbaycandan minlərlə zəvvar müqəddəs Kəbəni ziyarət etmək üçün Məkkəyə gedir. Bu ziyarətin baş tutmasında Qafqaz Müsəlmanları İdarəsinin Krallığın müvafiq nazilriyi arasındakı çoxillik əməkdaşlığa əsaslanan təcrübə durur.  Səudiyyənin dini qurumları ilə Azərbaycan arasında əlaqələr ötən əsrə təsadüf edir. Xoşməramlı və qardaş münasibətlərinə söykənən bu tərəfdaşlığın yaranmasında Qafqaz Müsəlmanları İdarəsi mühüm rol oynayıb.

QMİ sədri Allahşükür Paşazadənin Səudiyyəyə səfəri bu baxımdan əlaqələrin davamlı inkişafı üçün mühümdür. Səfər protokolunu QMİ sədrinə olan etimadın aynası saymaq olar.

Səfərin zirvəsi kral Salman bin Əbdüləziz Al Səudun Şeyxülislamla görüşü idi. Bu qəbul təkcə bir din xadiminin deyil, onun timsalında Azərbaycan prezidentinin yürütdüyü tolerantlıq siyasətinə olan etimadın nümayişi saymaq olar. Şeyxülislamla görüşdə təkcə müvafiq dini idarənin rəhbərləri oturmamışdı. Xarici və daxili işlər nazirinin, digər rəsmi post sahiblərinin siyasi təmsilçiliyi Krallığın Azərbyacana, onun bölgədəki roluna və Şeyxə olan münasibətinin göstəricisi idi.

Kral Salman bin Əbdüləziz Al Səud A.Paşazadəyə özünün dostu və qardaşı adlandırdığı Prezident İlham Əliyevin islam həmrəyliyinin möhkəmləndirilməsi uğrunda atdığı nümunəvi addımları alqışladığını deyib. Bu, dövlət başçısının illərdir dünyaya elan etdiyi tolerantlıq və birgəyaşayış prioritetlərinə verilən yüksək qiymətdir.

Yaxın Şərqdə islam ölkələri içərisində iddialı dövlət olan Səudiyyə bu gün müsəlman dünyasının üzləşdiyi təfriqə və parçalanmanın ağrısını yaşayır.  Böyük güclərin müsəlman dünyasında məzhəb davalarını körükləmək cəhdi  uzağı görən ruhanilərin sayəsində baş tutmasa da buna cəhdlər səngimir. Bu baxımdan Azərbaycanın islam dünyasını vəhdətə çağıran mesajları region üçün əməkdaşlıq fürsətlərini yaradır. QMİ sədrinin mövqeyinin Səudiyyə Kralı tərəfindən dəstəklənməsi Azərbaycanın nufuzunu yüksəltməklə yanaşı eyni zamanda ölkəni müsəlman dövlətləri arasında birlik ideyasının gerçək müəllifinə çevirir.

Şeyxülislam Kral Salmanla görüşdə bu siyasətin prioritetlərini bir daha xatırladıb və qeyd edib ki, Azərbaycan müsəlmanları bu gün  mənəvi renossans dövrünə qədəm qoyub. Ölkəmizdə başqa dinə qulluq edənlər də öz ibadətlərində azaddır. Bu ilin noyabr ayında Dinlərarası sammitin Bakıda keçirilməsi də məhz Azərbaycana olan beynəlxalq etimaddan xəbər verir.

Burada maraq doğuran məqam sekulyar sistemli Azərbaycanda yürüdlən tolerantlıq siyasəti, hakimiyyətin din və inanca olan yanaşması  idi.  Aparılan danışıqlar göstərdi ki, bu siyasət tam dəstəklənir.

Görüşdə Azərbaycanın ərazi bütövlüyünün Krallıq tərəfindən birmənalı olaraq tanınması, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsinə dəstək  çağırışları ölkəmizə müsəlman dünyasının əsas dövlətlərindən sayılan Səudiyyənin açıq dəstəyi baxımından mühüm mesajdır.

Belə səfərlər həmçinin regionda dini təhlükəsizliyi möhkəmləndirən amildir. İnancından asılı olmayaraq bütün vətəndaşların azad və rahat yaşadığı ölkəmiz zaman-zaman dini öz xəbis məqsədinə çevirərək onu geopolitik döyüşün qırmancına çevrimək istəyən qüvvələrə həddini göstərə bilib.

Bakı müsəlman aləmində bütün inanc qardaşlarına qucaq açmaqla əməli fəaliyyətində məzhəb ayrılıqları üzərində siyasət quranlara layiqli cavabını verib. A. Paşazadənin Səudiyyəyə səfəri   göstərdi ki, Azərbaycan məzhəblərarası münasibətlərin fövqündə dayanmağı bacarır və  din möhtəkirlərinin fitnə saldığı yerlərdə barışdırıcı missiyanı üzərinə götürə bilər. Kralın qəbulunda səslənən birlik mesajları bu baxımdan çox önəmlidir.

Kral Salman Azərbaycanın bu siyasətini dəstəklədiyini bəyan etməklə həmçinin bu tezislərin yürüdülməsində vacib qurumlardan olan QMİ-yə etimadını nümayiş etdirdi.  İlk növbədə səfərin yüksək səviyyədə təşkili, qəbul və diqqət onu göstərir ki, Səudiyyədə Azərbaycanla bağlı əlaqələrdə dini faktor da mühüm detaldır.  Səudiyyə sarayı A.Paşazadənin regionda və ölkədə nufuzunu nəzərə alır və onu çağdaş dünyanı bu gün başına götürmüş dini motivli problemlərin həlli üçün etimad doğuracaq nufuzlu lider hesab edir.

Belə isti qarşılanma göstərid ki, hər iki dövlət  xaricdən körüklənən hər hansı təfriqə cəhdlərinə rəğmən bir yerdədirlər və bunun üçün açıq mesaj verdilər.  Bu baxımdan  QMİ sədrinin bu səfəri özünün təkcə dini deyil, həm də ictimai yükü ilə seçilir.

A.Paşazadənin Kəbə örtüyü hazırlanan fabrikə baş çəkməsi mötəbər qonağa hörmətin təcəssümü oldu.  QMİ sədrinin səfəri Səudiyyənin KİV-lərində geniş işıqlandırıldı və ən nufuzlu media qurumlarında təhlil olundu.

QMİ sədrinin  həmçinin mənzil-qərargahı Məkkə şəhərində yerləşən İslam Aləmi Liqası təşkilatının Baş Katibi Məhəmməd bin Əbdülkərim əl İsa ilə görüşündə maraqlı məqamlarla zəngin oldu. Azərbaycanla İslam Aləmi Liqası arasında uzun illərdən bəri davam edən əlaqələrin həm ölkəmiz, həm də təşkilat üçün qarşılıqlı önəm və fayda daşıdığı, bu münasibətlərin gələcəkdə də davam etməsi perspektivləri görüşdə əsas müzakirə mövzusu olub.

Səudiyyə Bakı ilə münasibətlərdə daim birmənalı mövqe tutub və burada A.Paşazadənin nufuzlu islam təşkilatlarında tutduğu mövqeyini,  ölkədə yürüdülən siyasətin beynəlxalq müstəvidə təqdimi üçün apardığı işi qeyd etməmək olmaz.

Bütövlükdə Səudiyyə Krallığına edilən səfəri uğurlu hesab etmək olar.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran nəyə nail olmağa çalışır? –

Sonrakı məqalə

Şair Abbas Abdulla dəfn edilib