Almaniya, Britaniya və Fransa İrana xəbərdarlıq edib

07 Dekabr 2020 - 16:25

Almaniya, Böyük Britaniya və Fransa Tehrana xəbərdarlıq edib.

APA-nın Fransa Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən verdiyi xəbərə görə, İranın nüvə proqramını genişləndirəcəyi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İrandakı monitorinq fəaliyyətini məhdudlaşdıracağı ilə bağlı bəyanata cavab olaraq Almaniya, Britaniya və Fransa Xarici İşlər nazirliklərinin sözçüləri birgə bəyanat yayıblar.

“Biz, Almaniya, Britaniya və Fransa hökumətləri Hərtərəfli Birgə Fəaliyyət Planını qorumaq üçün yorulmadan çalışmışıq. Bu, çoxtərəfli diplomatiyanın və nüvə silahının qlobal yayılmamasının əsas nailiyyətidir. Bu razılaşmanın İranın nüvə proqramının müstəsna dinc təbiətinə, eləcə də beynəlxalq sülhə və təhlükəsizliyə inam yaratmağa töhfə verəcəyinə ümid edərək inamla danışıqlar apardıq. İranın nüvə proqramını monitorinq etmək və məhdudlaşdırmaq üçün bu razılaşma ən yaxşı və hazırda yeganə yol olaraq qalır”, – deyə birgə bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, İranın Natanzdakı Yanacaq Zənginləşdirmə Zavodunda əlavə inkişaf etmiş üç sentrifuqa kaskadı qurmaq niyyətində olduğunu BAEA-ya bildirməsi Hərtərəfli Birgə Fəaliyyət Planına ziddir və çox narahatedicidir: “İran Parlamentinin qəbul etdiyi və tətbiq olunacağı təqdirdə İranın nüvə proqramını əhəmiyyətli dərəcədə genişləndirəcək və BAEA-nin monitorinq girişini məhdudlaşdıran qanunu böyük narahatlıqla qeydə aldıq. Bu tədbirlər razılaşmaya və İranın daha geniş nüvə öhdəliklərinə ziddir. İran diplomatiya sahəsində əldə olunan imkanları qorumaq məsələsində ciddidirsə, bu addımları həyata keçirməməlidir. Belə bir addım Hərtərəfli Birgə Fəaliyyət Planını qorumaq üçün ortaq səylərimizi təhlükə altında qoyacaq və eyni zamanda, ABŞ-ın yeni rəhbərliyi ilə danışıqlara qayıtmaq üçün vacib fürsəti pozmaq riskinə malikdir. Bu razılaşmaya əməl etmək İran üçün də faydalı olardı”.