Prezident İlham Əliyev Bakıda Almaniya və Rusiya nümayəndələri arasında gizli görüş keçirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Dövlət başçısı Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib ki, bu barədə ilk məlumatı “The Times” qəzetində dərc olunan məqalədən öyrəniblər.
“Bakıda belə bir görüşün keçirilməsi barədə “The Times” qəzetindən öyrəndik, bizim bu barədə xəbərimiz yox idi. Təbii ki, belə mötəbər mətbu orqanda çıxan məqaləyə diqqətlə yanaşaraq araşdırma apardıq”, – deyə Prezident bildirib.
İlham Əliyevin sözlərinə görə, Berlinə səfərindən əvvəl Azərbaycan Dövlət Sərhəd Xidmətindən bununla bağlı məlumat istəyib. Araşdırma nəticəsində məqalədə adı çəkilən şəxslərin eyni vaxtda Azərbaycanda olduqları təsdiqlənib.
Prezident qeyd edib ki, iyulun 12-də Berlin–Bakı reysi ilə Almaniyanın sabiq kansleri Angela Merkelin Administrasiyasının rəhbəri Ronald Pofalla və Almaniyanın keçmiş siyasətçisi Mattias Platsek Bakıya gəlib, iyulun 14-də isə geri qayıdıblar.
Eyni tarixdə Rusiyanın keçmiş Baş naziri Viktor Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev də Moskvadan Bakıya gəliblər. Onlardan biri iyulun 13-də, digəri isə iyulun 14-də Azərbaycanı tərk edib.
“Bizə bu barədə nə Almaniya, nə də Rusiya tərəfindən məlumat verilib. Yəni bizim ərazimiz bizdən xəbərsiz şəkildə istifadə olunub”, – deyə dövlət başçısı vurğulayıb.
Prezident əlavə edib ki, həmin görüşün baş tutub-tutmadığını dəqiq deyə bilməz, çünki Azərbaycan tərəfi bunu müşahidə etməyib. Bununla belə, uçuş statistikası belə bir görüşün Bakıda keçirilmiş ola biləcəyini ehtimal etməyə əsas verir.
“Əgər bu görüş Rusiya–Ukrayna müharibəsinin başa çatmasına xidmət edəcəksə, əlbəttə ki, biz bunu alqışlayırıq”, – deyə İlham Əliyev bildirib.
Dövlət başçısı çıxışının sonunda bir daha vurğulayıb ki, Azərbaycanın əsas mövqeyi müharibənin tezliklə dayandırılması və regionda sülhün təmin olunmasıdır.
“Bizim məqsədimiz bundan ibarətdir ki, müharibə dayansın və bölgədə sülh təmin edilsin”, – deyə Prezident əlavə edib.