AMEA koronavirusla bağlı onlayn konfrans keçirəcək

15 Aprel 2020 - 14:17

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin, eləcə də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda onlayn konfrans keçiriləcək.

Akademiyadan “Report”a verilən məlumata görə, konfransda aşağıdakı istiqamətlər üzrə müzakirələr aparılacaq:

– Yeni pandemiya və epidemiya təhlükələrinin qarşısının alınmasında müasir elmi biliklərin və innovativ texnologiyaların tətbiqi, beynəlxalq əməkdaşlıq və milli biotəhlükəsizlik çağırışları;

– Təkamül və epidemiologiya, gələcək risklər;

– Viral müxtəliflik, koronaviruslar dünyası, onların təkamül dinamikası;

– Yeni koronavirusların yaranması və onlara qarşı immunitetin inkişafı üçün populyasion genom tədqiqatları;

– COVİD-19 pandemiyasının diaqnostika və müalicə üsulları;

– Viruslara qarşı mübarizədə peyvəndlərin, antiviral dərmanların, bitki təbiətli birləşmələrin tətbiqi;

– Epidemik alovlanmaların proqnozlaşdırılması, riyazi modellər;

– Pandemiyalar və bioetik problemlər;

– Mikrobiologiya, virusologiya və molekulyar biotexnologiya elmlərinin gələcək inkişaf perspektivləri.

Seminarda çıxış etmək istəyənlər tezislərini mayın 11-dək [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində “COVİD-19 – konfrans” sözlərinin yazılması tələb olunur.

Tezislər Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoymaqla), sətirlərarası 1.15 qoymaqla, 1 səhifə həcmində olmalıdır.