AMİP “Ambassador” oteldə qurultay qərarı verdi –

Etibar Məmmədov toplantıya qatılmadı (FOTO)
13 Oktyabr 2019 - 19:47

Bu gün “Ambassador” otelində AMİP Mərkəzi Şurasının iclası keçirilib.

Azpost.info bildirir ki, AMİP Mərkəzi Şura sədri Aydın Əliyevin sədrliyi ilə keçirilən iclasda ilk olaraq təşkilati məsələyə baxılmış və Siyasi Şurada vakant olan iki yerə seçkilər keçirilib.

Sonra ölkədəki ictimai siyasi vəziyyətlə bağlı AMİP Siyasi Şura üzvü Əli Orucov məruzə edib.  Daha sonra AMİP sədr əvəzi Arzuxan Əlizadə növbəti dönəmdə Partiyanın qarşısında duran vəzifələrlə bağlı çıxış edib və AMİP-in Növbəti Xİ Qurultayının çağırılması ilə bağlı məsələni müzakirəyə çıxarıb. Müzakirələrdən sonra Qurultayın çağırılması ilə bağlı qərar qəbul olunub. Qurultayın keçiriləcəyi tarixi və yeri müəyyənləşdirmək AMİP Siyasi Şurasına həvalə edilib.

Partiyanın bələdiyyə seçkilərində iştirakı ilə bağlı məsələ ilə əlaqədar Rəşad Bayramov çıxış edib. Müzakirələrin nəticəsi olaraq ölkədə seçki mühitini dəyərləndirərək bələdiyyə seçkilərində iştirak etməklə bağlı yekin qərarın verilməsi Siyasi Şuraya həvalə edilib.

Qarabağla bağlı məsələni geniş müzakirə edən AMİP Mərkəzi Şurası aparılan danışıqların qeyri-səmərəliliyini, Qarabağın status ilə bağlı Ermənistanın sərgilədiyi qeyri-konstruktivliyi nəzərə alaraq bu yöndə danışıqların heç bir nəticə verməyəcəyini bəyan edərək, münaqişənin nizamlanmasının hərbi-siyasi yolunu məqbul saydığı və ATƏT çərçivəsində, eləcə də, bu istiqamətdə aparılan danışıqların dayandırılmasının vacibliyi ilə bağlı bəyanat qəbul edib.

Mərkəzi Şuranın iclasında həmçinin “Köklü islahatlarla dəyişikliklərə doğru” platforması çərçivəsində işçi qrup tərəfindən hazırlanmış islahatlar paketi müzakirə edilib və sənədin imzalanması məqbul sayılıb.

İclasın sonunda Qətnamə qəbul edilib.