Rusiyanın İrkutsk Vilayət Məhkəməsi qızının qətlinin araşdırılması zamanı istintaq orqanlarının yol verdiyi məsuliyyətsizliyə görə, yerli sakinə yarım milyon rubl kompensasiya verilməsi barədə qərar çıxarıb.
Azpost.info bildirir ki, bu barədə İrkutsk vilayət məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Yerli sakin iddiasında bəyan edib ki, 19 il 9 ay ərzində istintaq düzgün aparılmayıb, iş məhkəməyə verilməyib.
Üstəlik, bütün bu müddət ərzində qadın qızını dəfn edə bilməyib.
2002-ci ildə ana qızının yoxa çıxması ilə bağlı polisə şikayət edib. Qətlə görə cinayət işi açılıb. Növbəti ilin yanvarında itkin düşən qadının tanışı səmimi etirafla növbətçi hissəyə gəlib. O bildirib ki, mübahisə zamanı qızı öldürüb, meyiti isə meşədə basdırıb. Meyitin qalıqları göstərilən yerdə tapılıb. Ekspertiza onların iddiaçının qızına aid olduğunu təsdiqləyib.
Səmimi etirafına baxmayaraq, şübhəli sərbəst buraxılıb. 2021-ci ildə onun ölümü ilə əlaqədar iş tamamilə bağlanıb. Bu müddət ərzində mərhum qızın qalıqları müxtəlif səbəblərdən anasına verilməyib. Ana qızının qalıqlarını yalnız keçən ilin sentyabrında ala bilib.
Məhkəmə istintaq orqanlarının hərəkətlərinin səmərəsiz və qeyri-kafi olduğunu təsdiqləyib. Beləliklə, ərizəçi mənəvi ziyana görə, 500 min rubl məbləğində kompensasiya almaq hüququ təsdiq edilib. Təqsirləndirilən şəxs qərardan Apellyasiya Məhkəməsinə şikayət etsə də, qərar qüvvədə saxlanılıb.
Azpost.info