Arif Hacılı ittihamlara cavab verdi:

“Mənim sürücüm və katibəm yoxdur”
17 Oktyabr 2019 - 11:51

Müsavat Partiyasının başqanı Arif Hacılı partiyanın qurultayında Məclis üzvlüyünə seçilmiş bir neçə müsavatçı haqda başqanlığa digər namizədlərin səsləndirdiyi ittihamlara cavab verib.

Azpost.info Basta-ya istinadən bildirir ki, Arif Hacılı Meydan Tv-nin əməkdaşı Həbib Müntəzirin iddialarına da rəy bildirib. “Mənim sürücüm yoxdur. Avtomobilimi özüm idarə edirəm”- deyə bildirib.  

 A.Hacılı adı sürücü kimi çəkilən Kərimxan Zeynalov barədə məlumat verərək deyib ki, o,  Xalq Təsərrüfatı Universitetinin iqtisadiyyat fakültəsini bitirib. Uzun müddət Respublika Aqrar Sənaye Nazirliyində yüksək vəzifələrdə çalışıb: “20 ildir Müsavat Partiyasının üzvüdür. Biz onunla qonşuyuq. Qərargaha birlikdə gəlib-gedirik. Bəzən o, bəzən mən sükan arxasında otururuq”.

 “Ziyarət Səfərova katibə deyil. Müsavat Partiyası başqanının köməkçididir. 27 ildir Müsavat Partiyasının üzvüdür. Əvvəllər də Məclis üzvü idi”.

O, adları çəkilən şəxslərin də uzun illər partiya sıralarında olduğunu qeyd edib.

 Qeyd edək ki, Həbib Müntəzir öz “facebook” səhifəsində “Tofiq Yaqublunun məclis üzvlüyünə belə seçilmədiyi Müsavat partiyasında, sərbəst məclis üzvlüyünə (SMÜ), ali nəzarət orqanı olan MNTK-ya görün kimlər seçilib. Əsl demokratiya budur: Arif Hacılının sürücüsü Kərimxan Zeynalov (MNTK); Arif Hacılının qardaşı oğlu Ayxan Hacıbəyli (MNTK); Arif Hacılının katibəsi Ziyarət Səfərova (SMÜ); Arif Hacılının qardaşı Mustafa Hacıbəyli (SMÜ)”- yazıb.

Xatırladaq ki, Oktyabrın 13-də Müsavat Partiyasının IX qurultayı keçirilib. Qurultayda başqan, MNTK üzvü və sərbəst Məclis üzvü vəzifələrinə seçkilər keçirilib,  partiya nizamnaməsinə dəyişikliklər edilib.

Partiya rəhbərliyinə seçkilər gizli səvermə yolu ilə keçirilib. Səsələr jurnalistlərin və müşahidəçilərin gözü qarşısında sayılıb, bu proses canlı yayımda translyasiya edilib.

Arif Hacılı bu siyasi təşkilatın rəhbəri seçilib. Gizli səsvermə zamanı 262 nümayəndə onu dəstəkləyib. Digər namizədlər, Müsavat Partiyası Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlıya müvafiq olaraq 51 və 20 nümayəndə səs verib.