“Atamla birlikdə “Yol əhvalatı” və başqa filmlərdə çəkilmişəm” –Siyavuş Aslanın oğlu

“Atam aktyor olmağımı uşaq yaşlarımdan istəyirdi. Onunla birlikdə filmlərdə epizodik rollarda çəkilmişəm. “Yol əhvalatı” filmində də epizodik rolda çəkilmişdim. Sadəcə olaraq film böyük idi, montaj edəndə mənim də yerlərimi kəsib çıxartdılar. Orada dialoqlarım, replikalarım var idi. Özbəkistanda “İlin 4 fəsli” adlı iki seriyalı filmdə baş rolda çəkilmişəm. Daşkənddə 2 il qalıb çəkilişlərdə iştirak etdim. Bütün bunların hamısını mənim üçün atam edirdi. “Səhər görüşləri” televiziya layihəsində tez-tez məni aparıb, epizodlara çəkdirirdi. Kinostudiyada məni çox kino sınaqlarına aparıb. Atam istəyirdi, həvəsli idi. Mən başa düşdüm ki, atamın istədiyi səviyyəyə gəlib çata bilmərəm, sıradan bir aktyor olaram. Ona görə də ehtiyyat edib, bu fikrimdən daşındım. Bakı Dövlət Universitetinin İqtisadiyyatına daxil oldum. Bu sahədə işləməyə başladım və öz həyatımı ofis işçisi kimi davam etdirdim”.

Azpost.info bildirir ki, bunu moderator.az-a açıqlamasında görkəmli sənətkar, xalq artisti Səyavuş Aslanın oğlu Eldar Aslan deyib. O daha sonra əlavə edib.
“Hazırda səs aktyoru kimi fəaliyyət göstərirəm. Bu mənim ikinci peşəmdir. 20-25 ildir ki, bununla məşğulam. Sadəcə olaraq Azərbaycanda o qədər də tanımırlar, səsimdən istifadə etmirlər. Belə böyük sifariş verənlər də yoxdur. Bir-iki kanala müraciət etdim, gördüm ki, heç bir faydası yoxdur. Səs aktyoru kimi diktor mətnlərini, sənədli filmlərin arxa səsini, səs reklamlarını oxuyuram. Mənim əsas sifarişlərim rusdilli ölkələrdən gəlir. Ara-sıra gəlir, qazanc əldə edirəm. Oxuyuram, kart hesabıma pul yollayırlar. Yəqin ki, Azərbaycandan da, özəl kanallarımızdan da dəvətlər gələcək. Mənim səsim bir az da ərəb dünyasında məşhurlaşıb. Ərəb dilində müəyyən quran ayələri, hədisləri, duaları səsləndirmişəm. Orada da səsim tanınıb. Ümumiyyətlə dublyaj sektorunda mənim böyük təcrübəm var. Rusiyanın bir çox yerlərində dublyajla əlaqədar işlərim olub. Azərbaycanın dublyajı bərbad olduğuna görə mən istəyirdim dublyaj sahəmizi inkişaf etdirim. Məni bu yaxınlarda “Baku tv” yə dəvət etmişdilər, haqqımda veriliş edib, hazırladılar. Sonra da işgüzar görüşə dəvət etdilər. Mənə dedilər ki, bizim rəhbər sizin simada, xarizmatik bir adam axtarır ki, bir müəllif verilişi etsin. Soruşanda ki, nə verilişidir? Dedilər ki, xəbərlər. Mən də bildirdim ki, prototipim xəbərlər üçün deyil. Amma dedim ki, yoxlamaq olar. Dedilər ki, biz sizinlə əlaqə saxlayacağıq. Ondan sonra bu söhbət bağlandı. Çox istərdim ki, keçmişdən gələn dublyajımız inkişaf etsin, bərpa olunsun. Bu minvalla da “Baku tv” və “Speys radio” rəhbərliyi ilə də görüşüb, söhbətlər aparmışam. Əlbəttə ki, belə bir qurum, şirkət axtarıram. Dəstək olsalar, iş versələr çox şad olaram” deyə sənətkarın oğlu bildirib.
Azpost.info
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.