AVRO-2020-yə bilet tələbi rekord həddə çatıb

AVRO-2020-nin oyunları ilə əlaqədar bilet tələbi rekord həddə çatıb.

Apasport.az saytının məlumatına görə, yayda keçiriləcək qitə birinciliyi üçün 28 milyondan çox azarkeş müraciət edib.

Ötən ilin dekabrında turnirə qatılacaq komandaların fanatlarından 9 milyon bilet tələbi olub. Həmin rəqəm ümumilikdə 28,3 milyona çatıb ki, bu da rekord sayılan AVRO-2016-dakı rəqəmi ikiqat üstələyir. Budəfəki yarışa marağın belə böyük olması oyunların 12 müxtəlif ölkədə keçirilməsi ilə əlaqələndirilir. Final qarşılaşmasına bilet əldə etmək istəyən azarkeş sayı isə matçın keçiriləcəyi “Uembli” stadionunun tutumundan 8 dəfə çoxdur (714 min).

Ümumi bilet sayı 3 milyondur ki, bunun 2,5 milyonu azarkeşlərə satılacaq. Hələlik ən böyük maraq açılış oyununadır. İyunun 12-də Romada keçiriləcək İtaliya – Türkiyə qarşılaşmasını izləmək istəyənlərdən 33 faizi yerli vətəndaşlardırsa, 11,2 faizi türklər, 15,8 faizi isə almanlardır.

Qeyd edək ki, AVRO-2020-də A qrupunun 3 oyunu (13 iyun: Uels – İsveçrə, 17 iyun: Türkiyə – Uels, 21 iyun: İsveçrə – Türkiyə) Bakı Olimpiya Stadionunda keçiriləcək. Həmçinin iyulun 4-də 1/4 final mərhələsinin bir matçı da paytaxtımızda olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İcbari tibbi sığortanın tətbiq olunduğu bəzi regionlarda həkim çatışmazlığı müşahidə olunur”

Sonrakı məqalə

Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribat