Avropa İttifaqı (Aİ) ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan 2023-cü ilin fevral ayında Azərbaycandan 611,322 milyon avro dəyərində təbii qaz idxal edib.
Azpost.info bildirir ki, “Avrostat”dan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, 2022-ci ilin fevral ayında Azərbaycandan Aİ ölkələrinə ixrac olunan qazın dəyəri 701,642 milyon avro, 2023-cü ilin yanvar ayında 1 milyard 6,9 milyon avro təşkil edib.
Beləliklə, İtaliya, Yunanıstan və Bolqarıstanın Azərbaycandan qaz alışı üçün xərcləri illik müqayisədə 12,9%, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 39,3% azalıb. “Avrostat”ın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan 15 milyard 598 milyon 852,881 min avro dəyərində (il ərzində artım 4 dəfə) təbii qaz idxal edib.
2022-ci ildə Azərbaycan qaz ixracını 18% – 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.