Avropa ölkələrində etiraz dalğası güclənir. Almaniyada dövlət sektorunda çalışanlar, İspaniyada fermerlər, İtaliyada isə Olimpiadanın keçirilməsinə qarşı çıxan qruplar küçələrə axışıb. AzPost xarici KİV-ə istinadla xəbər verir ki, etirazların əsas səbəbi sosial-iqtisadi problemlər və hökumətlərin dəstəyinin yetərsiz olmasıdır.
Almaniyada ölkənin ən böyük həmkarlar ittifaqı dövlət qulluqçularını əməkhaqlarının artırılması tələbi ilə aksiyalara qoşulmağa çağırıb. Etirazlarda həkimlər, yanğınsöndürənlər, müəllimlər, uşaq bağçası əməkdaşları və polis nümayəndələri iştirak edir. Aksiyaçılar gündəlik xərclərin — istilik, elektrik enerjisi, su və uşaqların təhsili üçün ödənişlərin sürətlə artdığını bildirirlər.
Təşkilatçılar hakimiyyəti büdcə sektoruna kifayət qədər dəstək verməməkdə ittiham edirlər. Onların fikrincə, xüsusilə metallurgiya və kimya sənayesində vəziyyət ağırdır və Almaniya müəssisələri Avropa İttifaqının digər ölkələrindən olan rəqiblərə uduzur.
İspaniyada isə etirazlara səbəb Brüsselin ticarət siyasəti olub. Madriddə fermerlər Cənubi Amerika ölkələrini birləşdirən MERCOSUR bloku ilə imzalanmış sazişin yenidən nəzərdən keçirilməsini və aqrar sektora ayrılan maliyyənin artırılmasını tələb edirlər. Fermerlər hesab edirlər ki, mövcud razılaşmalar ədalətsiz rəqabət şəraiti yaradır.