İnformasiya agentliklərinin qısa məlumatlarından göründüyü qədər, Əfqanıstanda hadisələri Taliban hərəkatı və ABŞ arasında 2020-ci il fevralın 29-da əldə edilmiş razılaşmalar çərçivəsində inkişaf edir.
Amerikalıların qoşunlarının bu ölkədən çıxarılması əməliyyatının başa çatacağı tarix olaraq göstərdiyi 1 sentyabr tarixinə qədər taliblər bütün etnik birliklərin maraqlarının və islam qanunlarının aliliyinin konsensusu əsasında vahid hakimiyyət qurulmasını, habelə ABŞ-ın və onların müttəfiqlərinin təhlükəsizliyinə təhdid təşkil edən hərəkətlərə yol verilməməsini nəzərdə tutan prosesin idarə edilə bilməsini təmin etməli olacaqlar.
Sürətlə ölkəyə nəzarəti bərqərar edən taliblər iyulun 6-da müqavimətlə qarşılaşmadan dini nəzarət şurasının formalaşdırılmasını nəzərdə tutan dinc nizamlanma planını elan ediblər. Bu şura islam və yerli ənənələr prizmasından icra hakimiyyətinə nəzarəti həyata keçirəcək və faktiki olaraq ölkəni – Əfqanıstan İslam Əmirliyini idarə edəcək.
Rəsmi Kabul indiyədək bununla razılaşmır, amma, çox güman ki, güzəştə getmək məcburiyyətində qalacaq, belə ki, ölkəyə nəzarəti sürətlə itirir. Aprelin sonlarında start götürən Amerika qoşunlarının Əfqanıstandan çıxarılması prosesinin başlamasından etibarən Əfqanıstan ərazisinin təxminən 85%-i sürətlə Talibanın idarəçiliyinə keçib və əfqanların gözündə Kabulun nüfuzu xeyli azalıb. Onlar faktiki olaraq heç bir müqavimət göstərmədən İslam Əmirliyinə “təbəəliyi” qəbul edirlər. Buna taliblərin təslim olan düşmənlərini təqib etməməsi və özlərini mərkəzi qüvvə olaraq gördükləri əfqan dialoqunda maraqlı olduqlarını nümayiş etdirməsi də şərait yaradır.
Taliblər həmçinin talib inqilabının ixracından imtinanı nəzərdə tutan qonşu dövlətlərin işlərinə müdaxilə etməmək barədə razılaşmaları yerinə yetirirlər. Onlar Mərkəzi Asiya postsovet ölkələrinin sərhədlərinə gedib çatsalar da, şimal qonşularına qarşı, cüzi də olsa, düşmənçilik hərəkətləri nümayiş etdirmirlər. Bundan başqa, Taliban Əfqanıstan İslam Əmirliyi hakimiyyətinin qurulmasından və yeni nizam-intizam – İran İslam idarəetmə modelinə bənzər bir variant tətbiq edildikdən sonra bütün dövlətlərlə işgüzar münasibətlər qurmaq istədiyini bəyan edib və sərhəddəki hərəkətləri ilə bunu nümayiş etdirir.
Bu hadisələr kontekstində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının (KTMT PA) Şurasına sədrlik edən Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin KTMT PA-nın tərəfdaş üzvü institutunun yaradılması haqqında təşəbbüsü də əfqan hadisələrinin yeni inkişaf fazasından və region ölkələrinin Əfqanıstanın gələcək hakimiyyəti ilə qarşılıqlı fəaliyyətə hazırlaşmasından xəbər verir. Ruslar həmçinin bu ölkələrin ilk növbədə Azərbaycan və Pakistan ola biləcəyi barədə məlumat sızdırıblar. Taliblər Əfqanıstanda gələcək rejimin müttəfiqləri sırasında Türkiyə ilə yanaşı bu ölkələri də görmək istərdi. Azərbaycan və Pakistanla sıx müttəfiqlik münasibətləri olan Türkiyə KTMT PA tərəfdaşları sırasında ola bilməz, belə ki, NATO üzvüdür. Amma çoxistiqamətli kombinasiya: KTMT (buraya Əfqanıstanla həmsərhəd olan Tacikistan, Özbəkistan daxildir), Azərbaycan-Türkiyə-Pakistan, Türkiyə-NATO, Rusiya-Türkiyə birlikləri, Türk Şurası (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Macarıstan) kəsişən qarşılıqlı əlaqə xətləri yaratmağa imkan verir və KTMT PA operativ həllər üçün əlavə meydan rolu oynaya bilər.
Azərbaycan və ya Pakistanın KTMT-yə üzvlüyündən söhbət getmir və buna bəzilərinin hesab etdiyi kimi ciddi bir zərurət yoxdur. Ermənistan (KTMT üzvü) və Azərbaycan arasında müharibə göstərib ki, strateji maraqlar və real müttəfiqlik münasibətləri təşkilatlara formal üzvlükdən daha üstündür. Cənubi Qafqazda Ermənistan məsələsində olduğu kimi, bu gün Mərkəzi Asiyada da strateji maraqlar sabitliyin təmin edilməsi, idarə oluna bilən dost əfqan dövlətinin formalaşdırılması və əfqan məsələlərində maraqlı olan bütün dövlətlərin və əlbəttə ki, əfqan xalqının özünün iqtisadi maraqlarının həyata keçirilməsi üzərində cəmləşib.
Mehman Əliyev
Turan İA-nın baş redaktoru