“Azərbaycan barədə çox şeyi bilmirdim” –

22 il əvvəl Kissincer Bakıda Heydər Əliyevə nə deyib? (TARİX)
02 Noyabr 2021 - 00:54

ABŞ-ın keçmiş dövlət katibi, tarixçi və dövlət xadimi Henri Kissincerin adı dünya siyasət tarixində özünəməxsus yer tutur.

Onun 20-ci əsrin geopolitik düzənin formalaşmasında xüsusi xidmətləri var.

Kissincerin müstəqil Azərbaycanla əlaqələri də yaxın tariximizin yaddaqalan səhifəsidir.

Məşhur dövlət xadimi 1999-cu ilin yanvarında Azərbaycana səfərə gəlib. O, prezident sarayında mərhum prezident Heydər Əliyevlə görüşüb.

Heydər Əliyev bu görüşün, şəxsi əlaqələrin Azərbaycan – ABŞ münasibətlərinin inkişafına daha da köməklik göstərəcəyinə əminliyini ifadə edib. Sabiq dövlət katibi müstəqil Azərbaycanı inkişaf etməkdə olan dövlət adlandırıb.

Azpost.info “TARİX” layihəsi çərçivəsində bu görüşün bir sıra məqamlarını oxuculara təqdim edir. Bu günkü geopolitik reallıqlar baxımından bu səfərin mesajları hazırda da aktuallığını saxlayır.

Prezident Heydər Əliyev ABŞ-ın keçmiş dövlət katibi Henri Kissinceri qəbul edərək söhbət edib.

Həmin söhbətdə H.Əliyev dəvətini qəbul edib Azərbaycana səfər etdiyinə görə Kissincerə təşəkkür edib: “Sizi Azərbaycanda yaxşı tanıyırlar. Amma sizi təkcə Azərbaycanda yox, bütün dünyada, hər yerdə yaxşı tanıyırlar. Çünki siz 70-ci illərin əvvəllərindən Amerika Birləşmiş Ştatlarının dövlətində böyük vəzifə tutaraq, eyni zamanda dünya siyasətində çox görkəmli yer tutmusunuz. Sevindirici haldır ki, o vaxtdan indiyə qədər siyasət səhnəsindən düşməmisiniz. O illər mənim xatirimdədir. Xüsusən Sovet İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasında tərk-silahla əlaqədar danışıqlar gedən zaman Kissincerin adı, demək olar ki, hər gün Sovetlər İttifaqının televiziyasında, radiosunda, qəzetlərində çəkilirdi. Amma təkcə ona görə tanınmırdınız ki, sizin adınız hər gün qəzetlərdə, yaxud radioda, televiziyada çəkilirdi. Ona görə ki, siz çox böyük siyasi proseslərin iştirakçısı və bəzi işlərin də təşəbbüskarı idiniz. Siz həm siyasətdə çox işlər görmüsünüz”-deyə prezident vurğulayıb.

Prezident deyib ki, Kissincerlə şəxsi əlaqələr ABŞ-lə əməkdaşlıqla bağlı ümumi işimizə çox kömək etməlidir.

Henri Kissincer cavabında deyib ki, onun Azərbaycana gəlişi çox gözəl təşkil olunub. “Mənim üçün xüsusilə böyük məmnunluqdur ki, bizim strateji, siyasi əhəmiyyət verdiyimiz bir ölkə Sizin kimi dünya şöhrətli şəxsiyyət tərəfindən idarə olunur”-deyə sabiq dövlət katibi vurğulayıb.

“Mən Azərbaycanla maraqlanmağa başlayanda bu ölkə barəsində faktiki olaraq çox şeyi bilmirdim. Sadəcə, mənə Azərbaycanın xəritədəki yeri, təbii ehtiyatları və əhəmiyyəti məlum idi. Azərbaycana marağım xüsusilə o zaman artmağa başladı ki, Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqil yolla inkişaf edən ölkələrdən biri oldu. Ona görə də mən inanıram ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyində və sülh şəraitində inkişafında çox maraqlıdır”-deyə sabiq dövlət katibi çıxışında bildirib.

Heydər Əliyev Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk Qrupunun vasitəşilik səylərinin səmərəsizliyinə toxunub və 1992-ci ildə Amerika Konqresi tərəfindən Azərbaycana qarşı tətbiq edilmiş 907-ci maddəni iki ölkə arasında əməkdaşlığa mane olan amil adlandırıb.

Henri Kissincer cavabında qeyd edib ki, Konqresin bu cür qərarlarına həmişə əks çıxıb. “Ümid edirəm ki, üzümüzə gələn aylar ərzində bu məsələ öz həllini tapacaq”.

Daha sonra Prezident Heydər Əliyev və ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer jurnalistlər üçün birgə mətbuat konfransı keçiriblər.

Azpost.info həmin tarixi mətbuat konfransını təqdim edir:

Sual: Siz tanınmış siyasətçi kimi deyə bilərsinizmi ki, Amerika Rusiyanın NATO-ya qarşı sipərə çevirdiyi Ermənistana Azərbaycanla müqayisədə niyə beş-altı dəfə çox yardım edir? Bundan əlavə, siz Rusiyanın Ermənistana bu qədər hərbi yardım göstərməsinə, onun Ermənistanda hərbi bazasının olmasına necə baxırsınız?

Henri Kissincer:  Mən Rusiyanın regionda sabitliyi pozmaq siyasəti aparmasının əleyhinəyəm və bu siyasəti düzgün hesab etmirəm.

Sual: Cənab Kissincer, bu gün siz Bakıda təmsil olunan neft şirkətlərinin nümayəndələri ilə görüşmüsünüz. Həmin şirkətlərin yaxın vaxtlarda Bakı-Ceyhan boru kəməri layihəsinə investisiya qoymaq ehtimalı necədir?

Henri Kissincer: Hər şeydən əvvəl, bu görüş çox yaxşı təəssürat yaratdı. Neft şirkətləri çox ətraflı məlumat verdilər. Lakin onu da başa düşməlisiniz ki, neft şirkətləri hər şeydən əvvəl iqtisadi problemə fikir verirlər. Mən isə siyasi tərəfi düşünürəm və bu baxımdan, əlbəttə ki, Türkiyəyə çəkiləcək kəməri daha çox dəstəkləyirəm. Yeri gəlmişkən, mənim fikrim eyni ilə Amerika Birləşmiş Ştatları hökumətinin fikridir.

Qeyd edək ki, Prezident Heydər Əliyev və ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer ilk dəfə 1995-ci il oktyabrın 21-də Heydər Əliyevin BMT-nin 50 illik yubileyində iştirak etmək üçün ABŞ-a səfəri zamanı Nyu-Yorkda görüşüblər.

27 iyul – 7 avqust 1997-ci ildə ABŞ-a ilk rəsmi səfəri zamanı Nyu -Yorkda Heydər Əliyev Henri Kissincerlə ikinci dəfə görüşüb. Azərbaycan prezidenti bir daha Azərbaycanın xarici siyasəti, Dağlıq Qarabağ münaqişəsi, ölkənin neft ehtiyatlarının istismarında ABŞ neft şirkətləri ilə əməkdaşlığı məsələlərindən danışıb. Prezident Kissinceri Azərbaycana dəvət edib.

Məşhur dövlət xadimi 1999-cu ilin yanvarında Azərbaycana səfərə gəlib.

907-ci düzəliş 2002-ci ilin yanvarında müvəqqəti olaraq dayandırılıb.

2007-ci ildə uydurma erməni soyqırımının ABŞ Konqresinin Nümayəndələr Palatasında müzakirələrə başlanması ərəfəsində ABŞ-ın sabiq dövlət katibləri – Madlen Olbrayt, Ceyms Beyker, Uorren Kristofer, Lorens İqlberger və başqaları ilə yanaşı Henri Kissincer də palatanın spikerinə müraciət edərək qondarma erməni soyqırımı layihəsinin səsverməyə çıxarılmamağını tələb ediblər. Onlar qondarma erməni soyqırımının tanınmasını tələb edən 106 nömrəli qanun layihəsinin Türkiyə ilə Ermənistanın barışmasını mümkünsüz edəcəyini, rəsmi Ankara ilə münasibətləri korlayacağını, Amerikanın xarici və milli maraqlarına ciddi zərbə vuracağını bildiriblər.

Azpost.info