Azərbaycan iki ayda Avropaya nə qədər qaz ixrac edib? –

AÇIQLAMA
16 Mart 2021 - 18:33

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Avropaya 2 149,13 min ABŞ dolları dəyərində 10 849,59 min kubmetr həcmində qaz ixrac edib.

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, Avropaya ixrac edilən qazın 10 794,1 min kubmetri (1 949,05 min dollar dəyərində) İtaliyanın payına, 55,49 min kubmetri (200,08 min dollar) isə Bolqarıstanın payına düşüb.

Bununla yanaşı, hesabat dövründə Azərbaycan Türkiyəyə 180 041,35 min dollarlıq 2 062 810,13 min kubmetr qaz ixrac edib. Yanvar-fevral aylarında Azərbaycan Gürcüstana 175 501,85 min dollar dəyərində 1 244 846,58 min kubmetr qaz nəql edib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya Trans-Adriatik qaz kəməri (TAP) ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə “mavi yanacağın” kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb.  Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.